Rəşt–Astara dəmir yolu layihəsində irəliləyiş: Rusiya bütün marşruta çıxış əldə etdi
Rusiya İran ərazisində 162 kilometrlik Rəşt–Astara dəmir yolu xətti boyunca mühəndislik tədqiqatlarının aparılması üçün tələb olunan bütün torpaq sahələrinə çıxış əldə edib.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov qəzetə müsahibəsində açıqlayıb.
Diplomatın sözlərinə görə, hazırda Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunda dəmir yolunun tikintisinə hazırlıq işləri həyata keçirilir.
Bütün marşrut boyunca torpaq sahələrinə giriş hüququ verən müvafiq protokol noyabrın 4-də Tehranda Rusiyanın "Caspian Services" və İranın "CDTIC" şirkətləri arasında imzalanıb. Bundan əvvəl marşrutun 125 kilometrlik hissəsi Rusiya tərəfinin istifadəsinə verilmişdisə, qalan 37 kilometrlik sahə noyabrın əvvəlində təhvil verilib.
Məlumata görə, rusiyalı mütəxəssislər artıq geodeziya istinad şəbəkəsini qurub və ərazinin aerofotoçəkilişini başa çatdırıblar. Hazırda marşrut boyu hidrometeoroloji və topoqrafik tədqiqatlar davam etdirilir.
Qeyd edək ki, Rəşt–Astara dəmir yolu Rusiya və İranın dəmir yolu şəbəkələrini birləşdirməklə yanaşı, Azərbaycandan keçən Şimal–Cənub dəhlizinin qərb marşrutunun əsas həlqəsinə çevriləcək. Layihə tam yekunlaşdıqdan sonra yüklərin nəqliyyat növü dəyişdirilmədən birbaşa dəmir yolu ilə Rusiyadan İranın cənub limanlarına daşınması mümkün olacaq.
Xatırladaq ki, Moskva və Tehran 162 kilometrlik bu xəttin tikintisinə dair sazişi 2023-cü ilin mayında imzalayıblar. Dəyəri təxminən 1,6 milyard avro qiymətləndirilən layihənin reallaşdırılması üçün Rusiya tərəfi İrana 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırmağı planlaşdırıb.
Aminə ŞAHSUVARQIZI













