ABŞ-də milyarderlərin "vergi hiyləsi"nə son qoyulur: İlon Mask və digərləri hədəfdə

 21:46 29.11.2026     47

ABŞ Demokrat senatorları ölkənin milyarderləri tərəfindən qiymətli kağızların vergidən qorunması üçün geniş istifadə olunan annuitet trastları (GRAT) mexanizmini ləğv etmək niyyətindədirlər.  

Redaktor.az "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir ki, noyabrda keçirilən aralıq seçkilərdə Konqresin hər iki palatasında üstünlük qazanan demokratlar ultra-varlıların vergidən yayınma yollarını bağlamaq üçün qanunvericilik təşəbbüsü irəli sürməyə hazırlaşırlar.  

Oreqon ştatından olan demokrat senator Ron Vayden bildirib ki, seçicilər onlara cəsarətli və mütərəqqi gündəmi həyata keçirmək üçün mandat veriblər:  

"Respublikaçılar büdcəni bərbad vəziyyətə salıblar. Buna görə də demokratlar hər iki problemi həll etmək üçün ultra-varlılar üçün yaradılmış bu boşluqları hədəf almalıdırlar".  

Senatorun sözlərinə görə, o, müstəqil senator Anqus Kinqlə birgə hazırladığı qanun layihəsini Senatda sürətlə irəli sürməyi planlaşdırır.

"Financial Times"ın korporativ sənədlər əsasında apardığı təhlilə görə, "SpaceX"in təsisçisi İlon Mask, "Nvidia"nın həmtəsisçisi Censen Xuanq, AMD-nin baş direktoru Liza Su və "Microsoft"un rəhbəri Satya Nadella birlikdə annuitet trastlarına 20 milyard dollardan çox səhm və vəsait yönəldiblər.  

"Milbank" hüquq şirkətinin tərəfdaşı Ostin Bramvell isə nəşrə açıqlamasında qeyd edib ki, annuitet trastları gələcəkdə hədiyyə vergisi ödəmədən istənilən aktivi ötürməyin Konqres tərəfindən təsdiqlənmiş yoludur. Bu mexanizm İlon Mask və Censen Xuanq kimi texnologiya nəhənglərinə adətən 15 milyon dollardan yuxarı əmlak və hədiyyələrə tətbiq olunan 40 faizlik vergidən yayınmağa imkan verir.

Bununla belə, yeni vergi qanunvericiliyinin qəbulu qarşısında ciddi maneə var: ABŞ Prezidenti Donald Tramp sənədə veto qoya bilər ki, bu halda vetonu aşmaq üçün Konqresdə üçdə iki səs çoxluğu tələb olunacaq.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən