Acından ölən Qazaxıstan əhalisinin DƏHŞƏTLİ TALEYİ - Rəhbərə məktub

 11:24 02.07.2019     8804

Sovet hökuməti yeni qurulanda işğal etdiyi bütün ölkələrə özü ilə bərabər fəlakətlər də gətirib.

Həmin dövrdə ölkəmizdə baş verənlərdən xəbərimiz var, insanlarımızın hansı zülümlərə düşdüyünü eşitmişik, oxumuşuq... Ancaq Sovet repressiyası digər ölkələr kimi Qazaxıstandan da yan keçməyib. Orada süni aclıq yaradaraq insanlara olmazın zülümlər verilib ki, sadalamaqla bitəsi deyil.

İndi təqdim edəcəyimiz materialda Qazaxıstanda baş verən zülümlərə dur demək və rəhbərliyi baş verənlərdən xəbərdar etmək üçün 1932-ci ilin fevralında Qazaxıstan SSR-nin Pavlador şəhərində siyasi repressiya olunmuş bir qrup qazax ziyalıları SSRİ Mərkəzi İcrayyə Komitəsinə məktub yazırlar.

“Qazaxıstanda qızıl qıtlıq” (1919-1933) kitabından çevirdiyimiz həmin məktubu təqdim edirik:

“SSRİ Mərkəzi İcrayyə Komitəsinə

Qazaxıstan SSRİ Pavlodar şəhər əhalisinin üzləşdiyi aclıq haqqında

Pavlodar rayonu əhalisinin başına gətirilən aclıq fəlakətinə səssiz qalmağa haqqımız yoxdur. Ona görə də SSRİ hökumətinə ərizə ilə müraciət etmək qərarına gəldik. Məqsədimiz aclığın səbəblərini qeyd etmək və baş verənlərə qiymət vermək deyil. Sadəcə olaraq öz gözlərimizlə gördüyümüz, şahidi olduğumuz bəzi məsələləri olduğu kimi qeyd etməkdir.

Xüsusən son ay yarımda “cındırından cin ürkən”, vücudları şişmiş, ac insanlar müxtəlif kənd və qəsəbələrdən Pavlodara axışmaqdadırlar. Bu dəqiqə şəhərin hər tərəfi belə ac adamlarla doludur. Hər addımbaşı dilənçilərə rast gəlinir. Onlarla ac insanlar hər gün evlərin qapısını döyür. Bunların arsında gənc, yaşlı, orta yaşlı və uşaqlar olmaqla hər yaşdan var. Boğazlarından keçəcək bir şey tapmaq üçün zibil qutularının ətrafında adamların sayı günü-gündən artır.

Xəstəxanalarda acından ölənlərin sayı məlum deyil. Aclıqla bərabər yolxcu xəstəliklər də geniş yayılıb. Şəhər ətrafı və yaxın məntəqələr bir yana, artıq şəhərdə belə evsiz-eşiksiz, küçələrdə soyuqdan donaraq aclıqdan ölən insanlar var. Poliklinikalara müalicə üçün gedənlər arasında da ölüm halları çoxalıb. Ehtiyacı olan əşyasını və yolda ölən uşağının meyidini xizəyə qoyub ora-bura tüyünən ailələri də tez-tez görürük.

İnsanlar iş yerlərinin önündə donurlar, yemək tapa bilməyən ailələr ac uşaqlarını küçələrə buraxırlar. Yetimxanalar dolub-daşdığından çöldə qalanları belə qəbul etmirlər. Hər gün şəhərin küçələrində onlarla yaxınını itirmiş, soyuqdan donan, bir dəri, bir sümük qalan körpələrə və ya şaxtadan anormal dərəcədə şişən uşaqlara rast gəlirik. Onlardan nəsə soruşduqda eyni şeyi təkrarlayıb dururlar: “Atamız, anamız öldü, gedəcək yerimiz yoxdur, bir tikə çörəyə möhtacıq.”

Bu durumlara həssas yanaşan bəzi şəhər əhalisi uşaqları küçələrdən yığıb polisə təhvil verir, ancaq polislər də onları yenidən küçələrə tökür.

Günlərin birində - yəni yanvarın 14-də şəhər sovetinə küçədən toplanmış on altı uşaq gətirdilər. Kimsəsizlərə sahib çıxmaq üçün Puşkin küçəsində 53 nömrəli boş ev tututuldu, həmin uşaqları ora yerləşdirdilər və onlara baxmaq üçün bir qadın gətirdilər. Ancaq durum o qədər acınacaqlı idi ki, baxıcı qadın bir gün belə orada dayana bilmədi. Aclıqdan evin içində və çölündə ölənlər haqqında ayrıca hesabat verməyəcəyik. Buraya toplam 40-a yaxın uşaq gətirilmişdi. Onlara hər gün bir qaşıq sıyıq və bir dilim nazik çörək verilirdi. Uşaqlar işıqsız və qaranlıq otaqlarda harda gəldi yatırlar. Kimisi ağlayır, kimsinin ağlamağa belə heyi qalmayıb, digəriləri də qaranlıqda ağırdan və xəstəlikdən zarıyır.

Yanvarın 20-də vəziyyəti şəhər sovetinə bildimək üçün aramızdan bir nəfər ora getdi. Ancaq sovet məmuru çıxış yolunu gedən yoldaşımızı həbs etdirməkdə gördü. Polis onu həbs edib uzun müddət həbsdə saxlasa da, ancaq uşaqlar üçün bir yaxşlıq etdi(!). Belə ki, başqasına aid olan o evin ikinci mərtəbəsini uşaqlar üçün ayırdılar. Beləcə, özləri ac olsalar da, heç olmasa yerləri genişləndi. Təmzlikdən əsər-əlamət olmayan evdə yüngülvari təmizlik işləri görüldü, uşaqlara baxıcı ayrıldı. Həmin uşaqlardan bəziləri yetimxanaya göndərildi. Ancaq durum o qədər vahim idi ki, ev uşaqla aşıb-daşırdı. Çünki küçələr belə uşaqlarla dolu idi. Elə gün olurdu ki, onların boğazından bir qab ilıq su belə keçmirdi. Bu vəziyyətdə də hər gün onlarla uşaq ölürdü. Ən dəhşətlisi isə odur ki, ölənlərin cəsədləri günlərlə orada qalırdı. Bu sığıncaqdan xalqın, hətta polisin belə xəbəri olmurdu. Bilən məmurlar da küçələrdə ölüm ayağında olan uşaqları da polislər ora gətirirdi...

Dilənçilik durmadan artır. Ətraf məntəqələrdən gələn dilənçilərin dediyinə görə, bir çox kənd və qəsəbələr boşalıb. Bəzi kəndlərdə isə bir-iki ailə qalıb.

Xalqın bir qismi Sibirə köçüb, geridə qalanlar da ölüm-qalım mücadiləsi verirlər. Hazırda Pavlodar sakinləri 1931-ci ilin yayında olan əhali sayının yarısı qədərdir...

Biz nə edilməsini və necə edilməsini sizlərə öyrədəsi deyilik. Sadəcə olaraq sizləri aclıq fəlakəti ilə bağlı məlumatlandırmaq, aclığa düçar olan bölgələrdə şahid olduqlarımızı paylaşmaq istədik.

Pavlodar şəhəri

V.İyogansen, O,Selihova, P.Semenintkaçenko, Y.Podbelskiy, A.Flegontov

Qazaxıstan SSR-nin Pavlodar şəhəri.

1 fevral 1932-ci il”

Təqdim etdi: Rəşad Sahil