Trampın "qurbanlıq qoçu" - Bolton niyə istefaya göndərildi? / DETALLAR

 16:49 11.09.2019     2816

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefaya göndərilməsi çoxları üçün gözlənilməz oldu.

Redaktor.az xəbər verir ki, ABŞ mediası Boltonun prezident Donald Tramp tərəfindən postundan uzaqlaşdırılmasının detallarını yayımlayıb. Məqalədə qeyd olunur ki, Tramp və Bolton arasında fikir ayrılığı hələ 8 ay əvvəl yaranıb. Yerli “National Public Radio” internet portalı yazır ki, Tramp Boltonun sərt mövqeyindən çox narahat olub. Keçmiş müşavir məsələlərin güc yoluyla həllinin tərəfdarı idi. O, “Ağ ev” rəhbərini xüsusi ilə Yaxın Şərq problemlərinin hərb yoluyla həllinə təhrik edirdi. Məqalədə qeyd olunur ki, Bolton özünü Trampdan üstün tutaraq, son sözün ona aid olduğunu düşünürdü.

Bildirilir ki, tərəflər arasında fikir ayrılığı Talibanla sülh danışıqlarına görə daha da dərinləşibmiş. Buna görə də, Tramp Boltonun sülh danışıqlarına müdaxilə etməsinə imkan verməmək qərarına gəlib. “Ağ ev” rəhbəri hətta keçmiş müşavirin toplantılara qatılmasına imkan verməyib. Məlumata görə, sülh danışıqları ilə bağlı gizli sənədlərin Boltonun əlinə keçməsinə əngəl törədilməsi ona etibar edilmədiyini ortaya qoyub. İddialara görə, ABŞ və Şimali Koreya arasında danışıqların nəticəsiz başa çatmasının da əsas günahkarı Bolton olub. Onun Şimali Koreya lideri Kim Çen In qarşısında çoxlu tələblər irəli sürməsi danışıqları iflasa uğradıb. ABŞ və Çin arasındakı “ticarət müharibəsində, İranla vəziyyətin gərginləşməsində də  keçmiş müşavirin "rolunun" olduğu deyilir. Venesuela hökumətini danışıqlar yoluyla dəyişmək cəhdlərinin boşa çıxmasında da Bolton günahlandırılır.

Analitiklər hesab edir ki, Tramp uğursuzluqlarını ört-basdır etmək və ona qarşı qüvvələrin etimadını qazanmaq üçün ciddi addım atmalı idi. Dövlət başçısı da Boltonu ayağa verməkdə tərəddüd etmədi. Bir sözlə, vaxtilə böyük etimad edilərək milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna təyin olunan Bolton, çox keçmədi ki, Trampın “qurbanlıq qoçu” oldu.

Anar Türkeş / Redaktor.az