11 sentyabr terrorunun özündən sonrakı reallığı... - XAOS DAVAM EDİR...

Bu gün 11 sentyabr hadisəsinin ildönümüdür.
Bu hadisələr zamanı 2977 nəfərin həlak olduğu bildirilir. Lakin terrorun dəhşətləri həmin an yaşanan fəlakətlərlə məhdudlaşmır. Bu cür hadisələr nəinki ölkəni, regionu, ümumilikdə bütün dünyanı qarışdırır və necə ki qarışdırdı...
Bəlkə də dünyanın bu gün yaşadığı bəlaların başlanğıc nöqtəsi məhz 11 sentyabr hadisələri idi. Dünya hələ də “11 Sentyabr”ın yaratdığı xaosdan xilas ola bilmir.
Bəs, maraqlıdır, “11 sentyabr” hadisələrindən bu yana neçə ölkədə antiterror əməliyyatı keçirilib? Nə qədər şəhər dağılıb, nə qədər insan ölüb? Silah istehsalı nə qədər artıb?
Məsələ ilə bağlı hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a danışıb.
R. Məmmədli hesab edir ki, dünyada qaydaların bərpası baxımından 11 sentyabr düzəliş tarixi oldu:
“2001-ci ilin sentyabrın 11-də ABŞ-a qarşı həyata keçirilən terror hadisəsindən sonra dünyada radikal dini ekstremizmə və terror qruplaşmalarına qarşı əməliyyatlar geniş vüsət almağa başladı. Bu “Terrorizmə qarşı müharibə” adlandırıldı. Əl-Qaidə terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatların əsas hissəsi adıçəkilən qruplaşmanın mövqeyini gücləndirdiyi Əfqanıstanda başladı. Bu əməliyyatları ABŞ və onun müttəfiqləri həyata keçirdi. Bundan başqa Filippin və İndoneziyada da ABŞ-ın hərbi dəstəyi ilə anti-terror əməliyyatları keçirildi. Ümumilikdə isə dünyanın bir çox ölkələrində 11 sentyabr terrorunun törədilməsində rolu olan minlərlə şəxs zərərsizləşdirildi və həbs olundu”.
R. Məmmədli vurğulayıb ki, son 20 ildə dünyada silah və hərbi texnika istehsalı 2 dəfədən artıq çoxalıb:
“Bunun 11 sentyabr terror hadisəsi ilə hər hansı bağlılığının olmasını əsaslandırmaq o qədər də düzgün olmasa da, hərbi əməliyyatların artmasını əsas gətirməklə bağlılıq yaratmaq olar. Əlbəttə, ötən illər ərzində 11 sentyabrla bağlı müharibələrin və genişmiqyaslı hərbi əməliyyatların artması hərbi sənayenin də inkişafına və ya tələbatın çox olmasına gətirib çıxarıb. Bundan başqa bəzi, müstəqilliyini yeni qazanan ölkələrdə hərbi sənayenin yaradılmasına başlanılıb ki, bu da silah və texnika istehsalının artmasına təsir edib. Bu ölkələrdən biri də Azərbaycandır. Məsələn, Azərbaycan son 20 ildə öz müdafiə sənayesi sektorunu inkişaf etdirib və daxili silah tələbatının təmin olunmasına nail olub. Bu gün hətta Azərbaycan öz silahnıı xarici ölkələrə də satılır”.
R. Məmmədli bildirib ki, 11 sentyabr hadisələrindən sonra radikal dini ekstremizmə qarşı ciddi tədbirlər görüldü və anti-terror təbliğatı genişləndirildi:
“Digər tərəfdən,minlərlə insan həyatını itirdi, humanitar gərginlik artdı və artmaqda davam edir”.
Firuzə Vahid / REDAKTOR.AZ