Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin cənazəsi vətəninə gətirildi - FOTO

Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin nəşi Sinqapurdan vətəninə gətirilib.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, mərhum diktatorun cənazəsini paytaxt Hararedə öz adına olan hava limanda minlərlə zimbabveli qarşılayıb. Mərasimdə Zimbabvenin hazırki lideri Emerson Mnanqaqvada iştirak edib. Robert Muqabenin şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb.
"Ölkəni müstəqilliyə daşıyan işiq söndü. Biz onu basdıracağımız gün, sizin hamınızı ona sevginizi göstərməyə çağırıram"- deyə Zimbabve prezidenti Emerson Mnanqaqva çıxışında bildirib.
Qeyd edək ki, Robert Muqabe 6 sentyabr tarixində 95 yaşında vəfat edib. Ölümündən sonra hakim partiya onu "Milli qəhrəman" elan edib.
Robert Muqabe 1980-ci ildə ölkə müstəqillik əldə edəndə Zimbabvenin baş naziri olub. 7 ildən sonra Muqabe ölkə konstitusiyasını dəyişərək özünü prezident elan edib. O, 6 dəfə ölkəsində prezident seçilərək, 30 il Zimbabveyə rəhbərlik edib. Muqabe 1990, 1996, 2002, 2008 ve 2013-cü illərdə keçirilən prezident seçkilərində rəqiblərinə böyük səs faizi ilə qalib gəlib.
Dünya mediasında Muqabe daha çox kütləvi korrupsiya, ölkədə insan haqlarının olmaması və siyasi müxalifətin sıradan çıxarılması ilə tanınıb. Zimbabve 2007-ci ildən dünyada ən yüksək inflyasiya olan ölkədir.
R.Muqabe 2017-ci ilin noyabr ayında dövlət çevrilişi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Rüfət Xəlil / Redaktor.az