İranın bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb

 11:23 23.09.2019     1393

Bu gündən İranın Şərqi Azərbaycan əyalətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb. 

Redaktor.az-ın məlumatına görə, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. 

“Şərqi Azərbaycan əyalətinin təhsil-təlim şurasında bu barədə qərar qəbul edilib. Qərarda Azərbaycan dili pilot layihə çərçivəsində həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq tədris olunacaq”, - C. Paşayi vurğulayıb.

O bildirib ki, Azərbaycan dili IV və IX siniflərdə tədris olunacaq.  

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan C. Paşayi qeyd edib ki, İran Konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir. 

Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək. 

Məlumata görə, artıq məktəblər və müəllimlərin sayı müəyyənləşib.//Apa.az