Neftin qiymətini qaldırmaq üçün yaxşı üsul tapılıb - "Səudiyyə dövlət yox, yanacaqdoldurma stansiyasıdır"

 14:04 11.10.2019     745

Neftin qiymətini qaldırmaq üçün yaxşı üsul tapılıb.

Redaktor.az bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli Səudiyyə Ərəbistanı sahillərində İrana məxsus neft tankerinə təşkil edilən hücumun səbəblərinə münasibət bildirib.

Politoloq hesab edir ki, qiymət eniş trendinə girən kimi, tərəflərdən biri o birinin ya tankerinə, ya neft infrastrukturuna zərbə endirir, nəticədə qiymət stabilləşir:

“İndi də Səudiyyə sahilləri yaxınlığında İranın tankerini vurublar. Bu iki ölkənin iqtisadiyyatı neftdən çox asılıdır. Nefti onları birləşdirən “ortaq dəyər” saymaq olar. İran ABŞ sanksiyalarına baxmayaraq, müəyyən miqdarda neft satışını davam etdirir və bu satış İranın nəfəs ala bilməsi üçün həyati əhəmiyyətlidir. Səudiyyə Ərəbistanı isə dövlət yox, yanacaqdoldurma stansiyasıdır. Onların özünü rahat hiss edə bilməsi üçün neftin 80 dollar olmasına ehtiyac var”.

Ş. Cəfərli vurğulayıb ki, ümumilikdə yaxın perspektiv üçün neftin qiymətinə 2 fundamental amil təsir edəcək:

“Birincisi, dünya iqtisadiyyatının vəziyyəti; ikincisi, hazırda davam edən ABŞ-Çin ticarət müzakirələri. Dünya iqtisadiyyatının inkişaf tempinin yavaşlaması xammala, o cümlədən yanacağa olan tələbatın azalması, nəticədə qiymətin düşməsi deməkdir. ABŞ-Çin ticarət savaşı da qarşılıqlı alış-verişi, ixrac-idxalı, iqtisadi canlılığı, iş yerlərini azaltdığı üçün xammalın qiymətlərinə mənfi təsir göstərir”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı sahillərində İrana məxsus neft tankerində baş verən partlayışa səbəb raket zərbəsi olub.

Firuzə Vahid / REDAKTOR.AZ