Qonşumuzda sərt çağırış: Ölüm hökmü geri qaytarılmalıdır

 18:50 12.10.2019     284

Rusiyalılara ölüm hökmünün geri qaytarılmasının məqsədəuyğunluğu barədə suala cavab vermək təklif edilib.

Redaktor.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə sorğu bu gün Rusiya Dövlət Dumasının "Vkontakte" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Moderatorlar Saratovda doqquz yaşlı qızın qətlə yetirildiyi barədə status yazıblar. Həmin cinayəti törətmiş şəxs əvvəllər cinsi təcavüzə görə məhkum olunmuş kişidir.

"Saratovda dəhşətli faciə baş verib. Oktyabrın 9-da itkin düşmüş 9 yaşlı qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb. O, artıq cinayəti törətdiyini etiraf edən ifadə verib", - deyə sözügedən paylaşımda bildirilib.

Səhifədə baş verənlərlə bağlı millət vəkillərinin fikirlərinə də yer verilib. Belə ki, Kommunist Partiyasından olan deputat Olqa Alimova edam cəzasının Rusiyaya qaytarılmasına çağırış edib: "Dəhşətli faciə baş verib, uşaq öldürülüb! Demokratiya və tolerantlıq öz oyununu oynadı. Ölüm cəzasını Rusiyaya qaytarmaq lazımdır!"

Deputat bu fikrini "Facebook"dakı səhifəsində də cinayətkarı asmaq üçün kəndir şəkli ilə birlikdə paylaşıb.

Bu görüşü "Vahid Rusiya" partiyasından olan deputat Yevgeni Primakov da dəstəkləyib: "Mən istəyirəm ki, uşaqlara və köməksiz insanlara qarşı təcavüzkar cinayətlərə, terrorçuluğa, vətənə xəyanətə və ölkəmizi təhdid edən ölçülərdə korrupsiyaya görə edam cəzası geri qaytarılsın. Bunlar xəyanətə bərabərdir".

Onun fraksiyadakı həmkarı Olqa Batalina, bu barədə ciddi qərarların qəbul edilməsini, yalnız bu qərarların "sakit başla" verilməsi lazım gəldiyini yazıb.

Deputat Nikolay Pankov da qeyd edib ki, qatil qanunun bütün ciddiliyi ilə cəzalandırılmalıdır: "Hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, qatil qanunda nəzərdə tutulan ən maksimal cəza ilə cəzalandırılmalıdır".

Cümə günü Saratov sakinləri mitinq təşkil edərək qızın qatilinin onlara verilməsini tələb ediblər.