İŞİD-ə bağlı 800 nəfər qaçdı - PKK Türkiyəni ittiham edir

 18:50 13.10.2019     276

"The Daily Mail" xəbər verir ki, İŞİD ilə əlaqəsi olan 785 qadın və onların uşaqları "Ayn İssa" düşərgəsindən qaçıb. Suriyanın şimalında yerləşən bu düşərgə dünyaca məşhurdur. Orada cihadçıların ailə üzvləri saxlanılırdı və həmin düşərgə PKK/YPG-PYD-nin nəzarəti altında idi.

Redaktor.az musavat.com-a istinadən bildirir ki, PKK rəsmiləri bəyan edib ki, Suriyada hərbi əməliyyat keçirən Türkiyənin yanında yer alan üsyançılar sözügedən düşərgəyə hücum təşkil edib. Keşikçilər vəziyyətin gərginliyini nəzərə alaraq, qaçıblar. Nəticədə, Qərbdə "İŞİD-in xanımları" adlanan qadınlar və onların uşaqları kütləvi şəkildə düşərgəni tərk edib.

Qeyd edək ki, bu məsələ həssaslığı ilə seçilir. Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatına kölgə salmaq istəyən qüvvələr dəfələrlə bəyan edib ki, "Barış pınarı" əməliyyatı ABŞ-ın yaxın müttəfiqi olan PKK-çı kürdlərin bölgədə sıradan çıxardığı İŞİD-ə sadiq cihandçıların yenidən güclənməsinə təkan verə bilər.

Şübhəsiz ki, PKK Qərbdə mövcud olan bu xofdan yararlanmaq üçün belə bir hücumu özü də təşkil edə bilərdi.

Artıq Fransa hökuməti bu qaçışla bağlı "ciddi narahatçılıq keçirdiyini" bəyan edib.

Suriyada Britaniyaya bağlı İnsan Haqlarını Müşahidə qrupu qadın və uşaqların düşərgədən qaçışını əks etdirən video-görüntüləri yayıb.