Gürcüstan hökuməti Anaklia limanının inşası üçün müqaviləyə düzəliş edib

 14:07 16.10.2019     262

Gürcüstan hökuməti Anaklia İnkişaf Konsorsiumuna ortamüddətli öhdəliklərinin yerinə yetirilməsi üçün verdiyi vaxtı ilin sonunadək uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi bəyanat yayıb. Bildirilib ki, konsorsium sərmayə müqaviləsinin şərtlərinə uyğun olaraq, oktyabrın 15-də ortamüddətli öhdəliklərin yerinə yetirildiyini göstərən sənədi hökumətə təqdim edə bilməyib. Bununla belə, hökumət Anaklia dərin dəniz limanına böyük ictimai marağı nəzərə alaraq, razılaşmaya düzəliş edib və müqavilədə göstərilən son tarixi ilin sonunadək uzatmağa qərar verib.

Qeyd edək ki, Anaklia dərin dəniz limanının inşasının birinci mərhələsinin həyata keçirilməsi üçün hökumətin konsorsiuma maliyyə mənbələri axtarışı məqsədilə verdiyi son tarix 2017-ci ilin avqustundan etibarən bir neçə dəfə təxirə salınıb. Müqaviləyə edilən sonuncu düzəlişin sayca 12-ci olub.

Hökumətlə imzalanan sərmayə müqaviləsinin şərtlərinə görə, Anaklia İnkişaf Konsorsiumu investorlarla müqavilə imzalayaraq 120 mln. ABŞ dolları həcmində nizamnamə kapitalı toplamalı, beynəlxalq banklarla 400 mln. dollarlıq kredit müqaviləsi imzalamalı və 20 mln. dollar həcmində bank sığortası təqdim etməlidir.

Konsorsiumun xüsusilə də banklarla olan öhdəliklərini yerinə yetirə bilmədiyi qeyd edilib.//Apa.az