ABŞ-ın bölgədə güvənə biləcəyi tək müttəfiq Türkiyədir - Ərdoğan

 11:20 14.11.2019     514

“ABŞ-la münasibətlərdə yeni səhifə açmaqda qərarlıyıq”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Trampla birgə mətbuat konfransında belə deyib. O bildirib ki, tərəflər arasında bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, Ankara və Vaşinqton müttəfiqdir.

“Trampla iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması yollarını müzakirə etdik” - deyən Ərdoğanın sözlərinə görə, iqtisadi əməkdaşlığın möhkəmlənməsi üçün bəzi əngəllər var. Ərdoğan Vaşinqton tərəfindən yaradılan həmin əngəllərin aradan qaldırılacağına ümid etdiyini ifadə edib.

Ərdoğanın sözlərinə görə, bəzi qüvvələr təhrif olunmuş məlumatlarla Türkiyə-ABŞ əlaqələrinə zərbə vurmaq istəyir. Türkiyə prezidenti buna misal olaraq, Nümayəndələr Palatasında qəbul olunmuş qondarma “erməni soyqırımı” barədə sənədi göstərib. Suriyanın şimalında həyata keçirilən uğurlu “Sülh çeşməsi” əməliyyatlarının nəticələrindən danışan Türkiyə prezidenti bəyan edib ki, Ankara Vaşinqtonla əldə olunmuş “təhlükəsizlik bölgəsi”nə dair sazişin şərtlərinə əməl edir:

“Sülh Çeşməsi əməliyyatı ilə PKK/YPG-yə ağır zərbə vurduq. Təxribat atəşlərinə və dinc insanları hədəfə alan terror hücumlarına baxmayaraq, Suriyada davamlı sabitliyin bərpası üçün Türkiyə sazişə əməl edir”.

Ərdoğanın sözlərinə görə, Türkiyə İŞİD terror təşilatının tamamilə məhv edilməsi və Suriyada davamlı sabitliyin  bərpa edilməsi üçün ABŞ-la sıx əməkdaşlıq etməyə hazırdır.

“ABŞ bölgədəki hədəflərinə çatmaq üçün etibar edə biləcəyi tək müttəfiqi Türkiyədir” - deyən Ərdoğan, Ankaranın İŞİD-ə qarşı həyata keçirdiyi uğurlu əməliyyatların nəticələrinə toxunub.

Ərdoğan bəyan edib ki, “S-400” və “F-35” məsələləri ilə bağlı fikir ayrılığını yalnız dialoq yoluyla aradan qaldırmaq olar. Ərdoğan “FETÖ terror təşkilatı ilə bağlı Vaşinqtona yeni dəlillər təqdim etdiklərini qeyd edib.

Anar Türkeş / Redaktor.az