Jurnalistlərin ardınca Ermənistan və Azərbaycan deputatlarının qarşılıqlı səfəri GÖZLƏNİLİR

 13:19 27.11.2019     212

Jurnalistlərin qarşılıqlı səfərlərindən sonra Ermənistanla Azərbaycan deputatlarının qarşılıqlı səfərləri gözlənilir.

Redaktor.az xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb.

“Barışıq prosesi çərçivəsində ikinci mərhələdə deputatların qarşılıqlı səfərləri məsələsi müzakirə olunur. Artıq belə səfərlərin təşkil olunması üçün ilkin müzakirələr aparılıb” - qəzet belə yazır.

Mənbə bildirir ki, səfərinə Bakının veto qoyduğu yeganə deputat “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyandır. Çünki Azərbaycan tərəfi onu “qatı millətçi” hesab edir.

Zöhrabyan özü bu məsələni şərh edərkən deyib ki, əgər deputatların Bakıya səfəri məsələsi gündəmə gəlsə Ermənistan XİN Azərbaycan tərəfinin şərtinə məhəl qoymaz. “Mən qəzetin məqaləsi ilə tanışam. Hesab edirəm ki, əgər məsələ gündəmə gəlsə bizim xarici siyasət idarəsi vetoya məhəl qoymaz. Deyərdim ki, bu çox ilgincdir”,-o özünün Facebook səhifəsində yazıb.

Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni və üç azərbaycanlı jurnalistin qarşılıqlı səfərləri olub. Azərbaycanlı jurnalistlər Yerevanda, Dilicanda və işğal altındakı Dağlıq Qarabağda olublar. Erməni jurnalistlər isə Bakıya, Gəncəyə və Qubaya baş çəkiblər.//Virtualaz.org