Candargöldə itkin düşmüş gürcü balıqçıların axtarışı davam etdirilir

 09:37 04.12.2019     683

Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargöldə itkin düşmüş iki gürcü balıqçının axtarışları davam etdirilir.

Redaktor.az xəbər verir ki, hadisə yerinə cəlb edilən Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasedicilərinin sayı 55-ə çatdırılıb. Əraziyə Tbilisi və Potidən əlavə axtarış-xilasetmə avadanlıqları gətirilib. Hazırda gölün 80 faizində işlərin yekunlaşdığı bildirilib.

Axtarış xilasetmə işləri Azərbaycanla koordinasiyalı şəkildə davam etdirilir. Azərbaycan tərəfi ilə əldə edilən razılığa əsasən, gürcü xilasedicilər gölün Azərbaycan tərəfində yerli xilasedici dəstələrlə birgə axtarış aparacaq.

Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən verilən məlumata görə, hər iki ölkənin xilasediciləri mümkün olan bütün resurslardan istifadə etməklə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərini davam etdirilər: “Çətin meteoroloji şərait və görmə imkanlarının məhdud olmasına baxmayaraq, axtarış-xilasetmə işləri hələ də davam etdirilir".

Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın Ağstafa rayonu ilə Gürcüstanın Qardabani rayonu ərazilərində yerləşən Candargöldə güclü külək içərisində 3 balıqçının olduğu qayığı aşırıb. Nəticədə balıqçılardan yalnız biri sahilə çıxa bilib. Biri 21, digəri isə 27 yaşında olan iki balıqçı isə itkin düşüb.  Axtarış xilasetmə işlərinə Azərbaycan helikopteri də cəlb edilib.//Apa.az