Misirin müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

 06:22 16.01.2020     81

Misirin müvəqqəti işlər vəkili Qahirədə "Anadolu" (AA) agetliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az -ın verdiyi məlumata görə, Ankaranın Türkiyə KİV-lərinin əməkdaşlarının saxlanılmasına dair sərt mövqeyi misirli diplomatın diqqətinə çatdırılıb.

Qeyd edək ki, 2013-cü ildən etibarən Türkiyə ilə Misir arasında diplomatik münasibətlər müvəqqəti işlər vəkili səviyyəsində aparılır.

Xatırladaq ki, Misir polisi yanvarın 14-ü Türkiyənin "Anadolu" agentliyinin Qahirədə yerləşən ofisində reyd keçirib. Reyd zamanı əsassız olaraq agentliyin 4 əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.

AA və Türkiyənin Qahirədəki səfirliyinin vəkilləri Misir səlahiyyətlilərindən agentliyin əməkdaşlarının hazırda olduqları yer barədə məlumat vermələrini tələb ediblər.

Ofisdə axtarışlar yanvarın 15-i səhər saatlarına qədər davam edib. Polislər agentliyin əməkdaşlarından şəxsiyyət vəsiqələri, mobil telefonlar və kompyuterləri toplayıblar, onların agentliyin mərkəzi ofisi və ailə üzvləri ilə əlaqə saxlama cəhdlərinin qarşısını alıblar.

Polis reyd başlayandan sonra hadisə yerinə gələn AA-nın Qahirə ofisinin vəkilinə məlumat verməkdən imtina edib. Vəkil ofisdən qovulub və sonra axtarış davam etdirilib.

Gecə saatlarında polis agentliyin əməkdaşlarından birini, Misir vətəndaşını sərbəst buraxıb. Bir Türkiyə vətəndaşı da daxil olmaqla agentliyin dörd əməkdaşı səhərə qədər ofisdə saxlanılıb. Səhər onlar naməlum yerə aparılıb.

Qeyd edilir ki, saxlanılanlar AA-nın meneceri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl-Kabbani, Hüseyn əl-Abbas və Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun (SETA) əməkdaşı Əbdülsalam Məhəmməddir.

Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Kəmaləddin Əruyqur vəziyyəti izləyir və Misir Xarici İşlər Nazirliyi səviyyəsində səylər göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi də Misirin Ankaradakı səfirliyi üzrə öz səylərini göstərir. (Trend.az)