Almaniyada faşizm sürətlə yayılır – Səbəbləri...

 05:30 23.02.2020     859

2015-ci ildə Münhen dəmiryolu vağzalında əllərində gül-çiçək, isti geyim və yeməklə qaçqınları gözləyənlər indi onların Almaniyanı tərk etməsini istəyirlər.

Redaktor.az xəbər verir ki, bu sözləri Amaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu Almaniyada gəlmələrə qarşı başlayan basqı və hücumlarla bağlı “Yeni Müsavata” geniş müsahibəsində deyib.

F.İlqaroğlu sözlərinə görə, son vaxtlar radikal sağlar o qədər təhlükəli olub ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlirlər:

“Hazırda ölkədə polis qeydiyyatında olan 24 100 radikal irqçinin olduğu deyilir. Onlar mütəmadi olaraq əcnəbilərə qarşı tədbir və kütləvi nümayişlər keçirirlər. Əsas məqsədləri Almaniyada yaşayan əcnəbiləri psixoloji gərginlik altında saxlamaqdır. Radikal irqçilər silah da gəzdirirlər. Elə 11 nəfərin ölümünə, 5 nəfərin yaralanmasına səbəb olan Hanau terrorçusu Tobias R.-in də evindən silah çıxdı. Ümumiyyətlə, Almaniya Avropanı hədəf alan qaçqın axınının demək olar ki, bütün yükünü öz çiyinlərində daşıyır. Bu gün Almaniyada qaçqınlar kirayə mənzil bazarındakı qiymətlərə çox böyük təsir ediblər. Artıq nəinki böyük şəhərlərdə, hətta kiçik şəhərlərdə belə kirayə mənzil tapmaq müşkülə çevrilib. Kiçik sahibkarlıq, xüsusilə, restoran, kafe biznesinə nəzarət Türkiyə, Suriya və İraqdan gələnlərin əlində cəmləşib”.

F.İlqaroğlu bildirib ki, əcnəbilərin “Birlikdə yaşam” haqqında qanuna riayət etməmələri, alman cəmiyyətindən qaçmaları, mənsub olduqları xalqların və ölkələrin adət-ənənələrini buraya daşımaları irqçiliyi alovlandırıb:
“Təəssüf ki, bəzi media quruluşları və Almaniya üçün Alternativ (AfD) kimi partiyalar ölkədəki əcnəbilərlə bağlı neqativlərdən öz siyasi təsir dairələrini genişləndirmək üçün istifadə edirlər. Ölkədə irqçiliyin yüksəlişi seçkilərə də yansıyıb. AfD kimi irqçi partiyaların reytinqi gündən-günə yüksəlir. Radikal sağ o qədər təhlükəli vəziyyətə gəlib çatıb ki, hətta əcnəbilərə yardım edən almanlara da hədə-qorxu gəlib, onları öldürməkdən çəkinmirlər. Buna misal olaraq, 2019-cu ildə suriyalı qaçqınlara yardım etdiyi üçün Almaniyanın Kassel bölgəsinin valisi Valter Lübkenin irqçilər tərəfindən öldürülməsini göstərə bilərəm”. //Axar.az