Macarıstandakı vətəndaşlarımız sabah ölkəyə gətiriləcək

 14:21 17.03.2020     777

Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Məlumata görə, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.

Qeyd edilib ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur.