Soyuduculu cəsəd maşınları hazır vəziyyətdə gözləyir... - DƏHŞƏTLİ FOTOLAR...

 19:28 01.04.2020     2893

Dünyada COVİD-19 epidemiyasına yoluxmalar bir gündə 70 mini, ölümlər isə 24 saat ərzində 4 mini keçib. Qarşısının alınması mümkün olmayan yoluxma halları ABŞ-dan Keniyaya, Perudan Çinə, İngiltərədən İndoneziyayadək bütün ölkələrdə həyatı alt-üst edib.

Redaktor.az xəbər verir ki, epidemiyanın qarşısını almağı bacaran Çin prezidenti Si Tsinpin Hanqcou şəhərində milli parkı ziyarət edib. Gəzinti sırasında prezident və yanındakı insanların maska taxmaması diqqətdən yayınmayıb.

"Reuters" xəbər agentliyinin yayımladığı şəkillərdə virusun meydana çıxdığı Vuhan şəhərində  insanların alış-verişi qurulan baryerlərin arxasından etdikləri əks olunub.

Hazırda koronavirsa yoluxmaların sayına görə 1-ci yerdə qərarlaşan ABŞ-da prezident Donald Tramp növbəti iki həftənin ağır olacağını söyləyib.

Qeyd edək ki, ABŞ-da COVİD-19-dan ölənlərin sayı 4 mini keçib. Hazırda virusun ən sürətli yayıldığı Nyu-Yorkda yoluxma hadisələri 75 minə çatıb, ölümlər isə 1700-dən çoxdur. Şəhərdəki xəstəxanaların yanında onlarla müvəqqəti morqlar yaradılıb.

Başqa bir fotoşəkil isə Nyu-Yorkda vəziyyətin nə qədər acınacaqlı olduğunu əks etdirir. Randall adasının Aykan Stadionundakı (Icahn Stadium) dayanacaqda onlarla soyuducu sistemi olan yük maşını morq kimi istifadə edilmək üçün hazırlanıb.

Tarixdə ən böyük komendant saatı elan edən və təxminən 1,4 milyard insanın evində qaldığı Hindistanda tibb işçiləri xəstəxanaya çevrilmiş idman zalındakı işləri tamamlamağa çalışırlar.

Sevda Ulutau