Vuhana giriş-çıxış qadağası ləğv edilib - ÇİN

 05:27 08.04.2020     841

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı Hubey vilayətinin inzibati mərkəzi Vuhan şəhərində təxminən 2 ay yarımdır tətbiq olunan giriş-çıxış qadağası aradan qaldırılıb.

Redaktor.az xəbər verir ki, yerli vaxtla aprelin 8-də gecə saat 00:00-da (Bakı vaxtı ilə 7 aprel, saat 20:00) nəqliyyatın şəhərlərarası hərəkəti bərpa olunub. Bundan başqa, aprelin 8-dən etibarən şəhərdə tramvay və taksilərin, gəmilərin hərəkəti və “Tianhe” beynəlxalq hava limanından ölkədaxili sərnişin daşınması bərpa olunur.

Hubey vilayətinin rəhbərliyi giriş-çıxış qadağasının aradan qaldırılmasına baxmayaraq Vuhan da daxil olmaqla vilayətdə ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin davam edəcəyini açıqlayıb. Bu, bir tərəfdən pandemiya ilə mübarizənin tam başa çatmaması ilə bağlıdır, digər tərəfdən isə virusun “ikinci dalğası”nın qarşısını almaq məqsədi daşıyır. Yerli hökumət əhaliyə ehtiyac olmadığı təqdirdə yaşadıqları məhəllələri tərk etməməyi tövsiyə edib. Məktəblər, ali təhsil ocaqları və uşaq bağçalarında tətil hələ davam edəcək. //AzərTac