SON DƏQİQƏ: İki nüvə dövləti arasında müharibə başlaya bilər - YENİ FOTOLAR...

 16:54 05.06.2020     2245

Dünyanın ən çox əhaliyə sahib olan iki ölkəsi - Çin və Hindistan arasında yaşanan gərginlik zaman-zaman artmaqdadır. Son günlər bu gərginlik pik həddə çatıb və sərhəd xəttində hərbi hərəkətlilik davam edir. Sosial mediada hər iki tərəfin əsgərlərinin bir-birinə qarşı alçaldıcı hərəkətlər etdiyi görüntülərin yayılması iki nüvə dövlətini müharibənin astanasına gətirib.

Redaktor.az xəbər verir ki, İngiltərədə nəşr olunan "Guardian" qəzeti Hindistanın Çindəki keçmiş səfiri, Dehlidəki Çinşünaslıq İnstitutunun prezidenti Aşkok K. Kantanın məsələ ilə bağlı fikirlərini dərc edib:

“Vəziyyət ciddidir. Düşünmürəm ki, bu, müəyyən bir bölgə ilə məhdudlaşan hadisədir. Bu dəfə Çin daha aqressivdir. Hər iki tərəfin az sayda əsgər saxlamalı olduğu bölgəyə həddindən çox əsgər yerləşdirilib. Çin ya ərazi iddiası irəli sürür, ya da Hindistana həssas geosiyasi məsələlərdə daha diqqətli olmalı olduğu mesajını göndərməyə çalışır”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licen isə iki ölkənin bu kimi problemləri həll etmək üçün imkanlarının olduğunu bildirib:

"Hazırda Çin - Hindistan sərhədindəki vəziyyət nəzarət altında saxlanıla biləcək durumdadır".

Qeyd edək ki, Hindistan bu yaxınlarda öz ordusunun manevr qabiliyyətini artıracaq bir sıra infrastruktur layihələrə, yeni yollar və uçuş zolaqlarının tikintisinə başlayıb. Lakin bu hərbi tikililər koronavirusun yayılması səbəbi ilə dayandırılıb. Çinin bölgəyə hərbi müdaxiləsinin bu layihələrə cavab olduğu da bildirilir. 

Bundan başqa, iki ölkə əsgərləri 5-9 may tarixlərində yumruq davasına çıxıb. 100-ə yaxın əsgərin yaralandığı davanın sosial mediada paylaşılmasından sonra, Çin minlərlə əsgəri sərhəd bölgəsinə göndərib. 

Çin - Hindistan sərhədi 1914-cü ildə ingilislər tərəfindən müəyyənləşdirilib. Hindistan sərhəd xəttini tanısa da, Çin bundan imtina edib.

58 il əvvəl Çinin Hindistanın şimal-şərqinə girməsi və rəsmi Pekinin qələbəsi ilə başa çatan müharibədə hər iki tərəfdən 2 mindən çox əsgər ölüb. ABŞ hökumətinin vasitəçiliyi ilə 4250 metr yüksəklikdəki dağlıq ərazidə bir ay davam edən müharibədən sonra atəşkəs sazişi bağlanıb və iki ölkə müharibədən əvvəlki sərhədlərinə qayıdıb.

Tərəflər problemi 1993-1996-cı illərdə iki dəfə siyasi yolla həll etməyə cəhd etsələr də, heç bir uğur əldə edə bilməyiblər. 

Sevda Ulutau / Redaktor.az

India's Fingers have come under Chinese boots. Denial won't help us