"Dövlət standartına dəyişikliyin edilməsi çətin prosedur deyil" - AZSTAND-dan Eyyub Hüseynovun tənqidinə REAKSİYA

Məlum olduğu kimi, ölkədə müştəri məmnuniyyətinin təmin edilməsi, artırılması, o cümlədən bu sahədə keyfiyyətin yüksəldilməsi məqsədilə beynəlxalq standart əsasında AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.
Ötən gün Redaktor.az-a açıqlama verən Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov təəssüflə bildirib ki, həmin sənədi müzakirə aparmadan qəbul ediblər.
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyeva isə saytımıza bildirdi ki, sözügedən dövlət standartı “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci bəndinə uyğun olaraq müvafiq standartlaşdırma üzrə texniki komitədə müzakirə olunmaqla konsensus əsasında qəbul edilib. Onun sözlərinə görə, AZS ISO 10002:2022 dövlət standartı ölkəmizdə vətəndaşların məmnunluğu, dövlət və özəl sektorun xidmətlərinin keyfiyyətlərinin artırılması və şəffalığın təmin edilməsi üçün dövlət dəstəyinin yeni bir aləti kimi tətbiq ediləcəkdir:
"Qəbul olunmuş dövlət standartı ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərinə və istehlakçıların hüquqlarının qorunması məqsədilə həyata keçirdiyi fəaliyyətlərə hörmətlə yanaşırıq. AZS ISO 10002:2022 standartın qəbul edilməsində də elə əsas məqsəd həm özəl, həm də dövlət qurumları tərəfindən vətəndaşlarımıza göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının qorunması və onların məmnunluğunun təmin edilməsidir.
Məlumat üçün diqqətinizə çatdırırıq ki, qanunvericiliyin tələblərinə əsasən dövlət standartlarının işlənib hazırlanması texniki komitələr vasitəsilə həyata keçirilir. Hal-hazırda ölkədə 28 standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Eyyub Hüseynov "Qida məhsullarının keyfiyyəti və texnologiyası" Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) üzvüdür və daim aktiv çalışır. Onun standartlaşdırma sahəsindəki fəaliyyəti tərəfimizdən yüksək qiymətləndirilir.
Eyni zamanda bildiririk ki, dövlət standartına dəyişikliyin edilməsi o qədər də çətin prosedur deyil və daim aktuallaşdırıla bilər. Bununla əlaqədar olaraq Eyyub Hüseynova müraciət edirik ki, bütün təkliflərini Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim etsin və biz onu müvafiq standartlaşdırma üzrə texniki komitədə özünün iştirakı ilə müzakirə etməyə hazırıq. Azərbaycan Standartlaşdırma İnstitutu özünü maliyyəşdirmə prinsipi ilə ictimai marağın təmin edilməsi və biznesin inkişafı üçün fəaliyyət göstərir. İctimai nümayəndələr və mütəxəssislərlə sıx əməkdaşlıq etmək, onların dəyərli fikir və tövsiyələrinin əldə edilməsində maraqlıdır".
Şöbə müdiri qeyd edib ki, milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutu dövlət standartı layihələrini ictimai müzakirəsinin aparılması məqsədilə 60 təqvim günü ərzində özünün rəsmi internet saytında yerləşdirir.
"İstənilən şəxs standart layihəsilə tanış ola və öz rəy və təkliflərini bildirə bilər", - deyə G.Əliyeva bildirib.
Nərmin Vüqarqızı