"Cəza olmayan bir mühitdə yanlış davranışlar həmişə olacaq" - Psixoloq

"Məktəblilərin yayılan görüntüsündə günahkar axtarmamalıyıq. Bununla bağlı həll yolları axtarmalıyıq".
Bu sözləri Redaktor.az-a biabırçı görüntüləri yayılan məktbəlilər haqqında danışan praktik psixoloq Aynur İskəndərova dedi.
O qeyd etdi ki, məsuliyyət həm məktəbin, həm də valideynlərin üzərinə düşür.
"Valideynlərin üzərinə o mənada düşür ki, uşaqların tərbiyəsinə ciddi nəzarət edilməlidir. Onların məktəbdə nizam-intizam qaydalarına riayət etməsilə bağlı, normal müsbət şəxsi keyfiyyətlərin formalaşdırılmasına dair valideynlər xüsusi diqqət yetirməlidir. Bunun üçün əmək sərf etməlidir. Son zamanlarda həm ananın, həm də atanın işləməyi, uşaqlar üzərində nəzarətin az olmağı, uşaqların belə özbaşına hərəkət və davranışlar sərgiləməsinə səbəb olur. Müasir dövrün uşaqları əvvəlki dövrlərə nisbətən əzizlənirlər, cəzalandırılmırlar. Cəza olmayan bir mühitdə yanlış davranışlar həmişə olacaq. Təbii cəza deyəndə söhbət burada fiziki şiddətdən getmir, tərbiyə prosesinə uyğun olan cəza metodları da var. Məktəbə gəlincə, təbii ki, burada məktəb psixoloqunun rolu xüsusilə önəmlidir. Düşünürəm ki, hər bir məktəb psixoloqunun illik fəaliyyət planında bullinqlə bağlı maarifləndirici tədbir tarixləri olmalıdır. Hər il hər bir məktəb psixoloqu mütləq yeniyetməlik dövrünü əhatə edən siniflərlə bullinqlə bağlı profilaktik, maarifləndirici tədbirlər keçirilməlidir. Görüntülərdə həm fiziki, həm də psixoloji bullinqə məruz qalma halları müşahidə olunur. Bu halların baş verməməsi üçün profilaktik tədbirlər görülməlidir. Baş verəndən sonra isə təbii ki, həmin qızlarla görüş, onlarla söhbətlər aparılmalıdır. Etdiyi davranışlara görə ən azından peşmançılıq hissinin formalaşdırması üçün psixoloq səy göstərməlidir".
Psixoloq vurğuladı ki, telefon, həmçinin kompüter və digər texnologiya vasitələri bizim həyatımızı müəyyən mənada asanlaşdırıb.
"Bu, onun müsbət tərəfləridir. Amma nə zamana qədər ki, ondan düzgün istifadə etməyi bacarmayan, şüurlu surətdə istifadə etməyi bacarmayan yeniyetmələrin əlində olacaq, bu kimi hallar da həmişə olacaq. Çünki yeniyetməllik yaş dövrü elə bir dövrdür ki, müəyyən mənada həm hissləri ilə davranır, həm iradəsi nisbətən zəifdir. Çox ziddiyyətli düşüncələri olur. Yəni eyni anda həm yaxşı, həm pis düşüncələr olur. Bu baxımdan yeniyetmələrə telefonu verərkən xüsusi nəzarət olunmalıdır. Bu telefondan necə istifadə edilir? Hansı saytlara girir, nə ilə maraqlanır? Əgər valideyn yalnızca şagirdin, məktəblinin harada və necə olmasından narahatdırsa və o məqsədlə telefon verilirsə, o zaman daha sadə mobil telefonları istifadə edə bilər. Övladını yaxşı tanımalı və baxmalıdır ki, bu övlada mən smartfon, yoxsa sadə telefon verməliyəm. Məktəbə gələnə qədər düşünürəm ki, artıq şagird müəyyən qədər tərbiyə alır. Hər şeyi məktəbdən gözləmək olmaz. Burada əsas rol valideynin üzərinə düşür. Məktəb daha da inkişaf etdirir, ona lazımi istiqamət verir. Məktəb rəhbərliyinin üzərinə o düşür ki, psixoloqların fəaliyyətinə ciddi nəzarət etsin. Burada yalnız psixoloq deyil, təlim-tərbiyə işləri üzrə üzrə direktor müavinləri, psixoloq, uşaq birliyi rəhbəri və təşkilatçı bir yerdə işləməli, bu kimi tədbirləri keçirilməlidir. Rəhbərlik də buna xüsusi nəzarət etməlidir", - deyə Aynur İskəndərova bildirdi.
Humay İSGƏNDƏRLİ