"İlham Əliyevin çağırışı beynəlxalq aləmdə ciddi qarşılanacaq" - ŞƏRH
Texnologiya sahəsində irəliləyiş, süni intellektin inkişafının yararları qədər zərərləri də çoxdur. Bunun böyük nümunəsi kimi Prezidentin adından dezinformasiyaların yayılmasıdır. Elə bu məsələ ilə bağlı Prezident İlham Əliyev də II Şuşa Qlobal Media Forumunda dünyaya buna son qoyulması üçün çağırış etdi. Bu çağırış süni intellektin məhdudlaşdırılmasında hansı rolu oynaya bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu II Şuşa Qlobal Media Forumunda bu məsələnin müzakirəsinin əhəmiyyətli olduğunu dedi:
"Beynəlxalq Media Forumda dezinformasiya, "fake" sosial media, professional media münasibətləri, süni intellekt məsələsi kimi əhəmiyyətli mövzular müzakirə olundu, fikir mübadiləsi aparıldı. Bütün bu məsələlər Azərbaycanı və Azərbaycan jurnalistikasını narahat edən məsələlər deyil. Bu, dünyada və beynəlxalq jurnalistikada hər birimizi düşündürən, narahat edən nüanslardır. Bu cür beynəlxalq media forumların keçirilməsi, təcrübə mübadiləsinin təşkil edilməsi, qarşıdan gələn çağırışlara adekvat reaksiya vermək baxımından olduqca əhəmiyyətli və olduqca ciddi məqamdır."
V. Zifəroğlu Prezidentin çağırışının dünyada diqqətə alınacağını və bu aspektdə tədbirlərin görülə biləcəyini vurğuladı.
"Cənab Prezident bu məqamlara öz çıxışında sualları cavablandırarkən toxundu ki, süni intellekt çox ciddi təhlükələrə səbəb ola bilər. Buna "jurnalist" rolunu oynayıb insanları yanlış məlumatlandırılması, saxta elanların verilməsi və sair aiddir. Nəticədə medianın sürətlə dəyişməsinə, jurnalistikaya təsir göstərir. Mən düşünürəm ki, sözügedən məsələ dünyanı da narahat etdiyi üçün İlham Əliyevin çağırışı beynəlxalq aləmdə də ciddi qarşılanacaq",- deyə o qeyd etdi.
Türkan İSGƏNDƏRLİ