Vəhşicəsinə döyülən sürücü ikinci dəfə əməliyyat olunacaq – bəs hadisəni törədənlər haradadır?

 12:23 27.01.2025     197

Xəbər verdiyimiz kimi, bu il yanvarın 8-də Abşeron rayon Hökməli qəsəbəsi Yeni yaşayış massivində yaşayan “Atico” MMC-nin sürücüsü Abasov Şahin Vidadi oğlu gecə saatlarında evinə basqın edən şəxslər tərəfindən ölümcül döyülüb.

Ş.Abasov bu gün yenidən Redaktor.az-a müraciət edib və hadisəni törədən şəxslərlə polis idarəsində üz-üzə gəldiyini bildirib:

“Hadisə Abşeron Rayon Polis İdarəsində müstəntiq Rövşən Cavadov tərəfindən araşdırılır. Bir dəfə idarəyə dəvət olundum və orda məni vuran Sənan Eyvazovla üz-üzə gəldim. Sənan Eyvazov məni hədələməyə başladı və bildirdi ki, “həbs olunub çıxacam, amma sən o ünvanda yaşamayacaqsan”. Mən də izahatımı yazıb evə qayıtdım, çünki burnumdan ağır əməliyyat keçirdiyim üçün çox gəzə bilmirəm”.

Zərərçəkmiş deyib ki, həkimlərin rəyindən sonra onun burnunun ikinci dəfə əməliyyat olunacağı bildirilib:

“Burnumdan bir dəfə ağır əməliyyat keçirdim, indi həkimlər deyir ki, sağ tərəfdə çəpər əyriliyi var və yenidən əməliyyat olunmalısan. Bunun üçün də təbii ki, vəsait lazımdır, mən isə yanvarın 8-dən işləmirəm, qohum-əqrəbanın köməkliyi ilə əməliyyatımı və müalicələrimi etmişəm. Məni vuran Sənan Eyvazovun yaxınları isə evimə gələrək deyirlər ki, oğlumuzu bağışla. Mən də cavabımda dedim ki, mənə dəymiş ziyanı, əməliyyat xərclərini ödəyin ondan sonra barışmaq haqda düşünərəm”.

Ş.Abasov təqsirləndirilən şəxslərdən birinin qeybə çəkildiyini deyib:

“Müstəntiq bildirdi ki, məni vuran Sənan Eyvazov saxlanılıb, digər şəxslərin isə izahatı alınıb. Amma həmin qrupda olan daha bir nəfər isə hələ ki, tapılmayıb. O tapılmayan şəxs isə hansı ki, məni qollarımı tutub və Sənan Eyvazov da vurub burnumu sındırıb. Mən həmin şəxsin də məsuliyyətə cəlb edilməsini tələb edirəm”.

Redaksiyadan: Məsələylə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Əlavə məlumat veriləcək.

Vasif Əlihüseyn

2222