"Mən buradan çıxanda cavan qız idim..." – Şükürbəylidə illərin həsrəti bitdi

 18:22 06.07.2026     693

Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub. Kəndə köçürülən 46 ailəyə evlərinin açarları təqdim edilib.

İllərlə həsrətini çəkdikləri doğma yurdlarına qayıdan Cəbrayıl sakinləri üçün növbəti arzuları gerçəyə çevrilib. Şükürbəyli kəndində yeni həyat yenidən başlayır. Doğma ocaqlarına qovuşan ailələr sevinc göz yaşlarını gizlədə bilmədiklərini deyir, illərin ayrılığına son qoyan bu qayıdışı həyatlarının ən xoş günü kimi qiymətləndirirlər.

Milli Məclisin Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, bu gün "Böyük Qayıdış" prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənlik və müdrikliklə davam etdirilir:

"Artıq Cəbrayılın həm rayon mərkəzində, eyni zamanda, bir neçə kəndində məskunlaşma baş verir. Cəbrayılın mərkəzində insanlarımız məskunlaşıb. Bu gün artıq Horovlu kəndi tam formalaşıb və insanlar orada məskunlaşıblar. Biz bu günlərdə artıq Şükürbəyli kəndinə də əhalinin köçdüyünün şahidiyik. Yəni qısa müddətdə bu qədər işlərin görülməsi güclü iradənin, prinsipial və qətiyyətli siyasətin nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə bu işlər uğurla davam etdirilir. Minalar təmizləndi, sürətli şəkildə quruculuq və abadlıq işlərinə başlanıldı. Bu, çox az ölkənin edə biləcəyi, həyata keçirə biləcəyi bir siyasətdir. Bu gün heç bir ölkə belə sürətlə quruculuq və abadlıq işlərini apara bilmir. Azərbaycan bunu etdi. Prezidentin qətiyyətli iradəsi, prinsipial siyasəti nəticəsində biz bu hədəflərimizə və məqsədlərimizə nail olduq".

Millət vəkili vurğuladı ki, Cəbrayılın Şükürbəyli kəndinə də köç prosesi çox uğurla həyata keçirilir:

"Bu gün artıq mənim də boya-başa çatdığım Cəbrayılın Şükürbəyli kəndi ən yüksək səviyyədə tikilir, qurulur. İnsanlarımız artıq bu ərazilərə köçürülür və biz bu tədbirlərin ən ideal formada həyata keçirildiyinin şahidiyik. Bu, onu deməyə əsas verir ki, Qarabağın hər bir qarışı, hər bir nöqtəsi, hər bir məkanı cənnətə çevriləcək. Azərbaycan qısa müddətdə bu əraziləri bərpa edəcək. Şükürbəyli kəndi Cəbrayılın böyük kəndlərindən biridir. Tarixən burada çoxlu sayda ziyalılar, tanınmış şəxslər yetişib. Azərbaycan cəmiyyətinə mühüm töhfələr verilib və biz əminik ki, bu qayıdışdan sonra bütün istiqamətlərdə və sahələrdə böyük uğurlara imza atıldığının, böyük işlərin görüldüyünün bir daha şahidi olacağıq".

Cəbrayıla köç edən sakinlərdən olan Sitarə Aslanovanın sözlərinə görə, doğma yurda qayıtmaq çox gözəl hissdir:

"Mən buradan çıxanda cavan qız idim, indi isə illər sonra yenidən doğma kəndimə qayıtmışam. Sağ olsun möhtərəm Prezidentimiz ki, bu günü bizə yaşatdı. Heç olmasa gəlib torpaqlarımızı gördük. Allah şəhidlərimizə rəhmət eləsin. Hər kəsə minnətdaram. Şəraitimiz də çox yaxşıdır. Hər şey var: qaz, işıq, su, evlər də geniş və rahatdır. Buraya gələnə qədər Xətai rayonundakı inzibati binalardan birində qalırdıq. Uzun illər həsrətində olduğumuz torpaqlara qayıtmaq bizim üçün ən böyük sevincdir".

Sakin Taleh Məmmədov bildirdi ki, hər şeydən razıdırlar:

"Əvvəllər atamgildə qalırdım, indi isə özüm gəlib burada yerləşmişəm. İnşallah, uşaqlar da sonra gələcəklər. Doğma kəndimizə qayıtmaq adamın ürəyini açır. Neçə illər idi bu günü gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, əziyyəti keçən hər kəsdən də razı olsun".

Sakin Əli Allahverdiyev isə vurğuladı ki, hər şey çox gözəldir:

"Allah şəhidlərimizə rəhmət etsin. Allah Prezidentimizə can sağlığı versin. Ailəmlə birlikdə gəlib doğma kəndimizə qayıtmışıq. Burada hər cür şərait var. Bizim üçün ən böyük sevinc öz yurdumuza qayıtmaqdır. Çox şükür, bu günləri də gördük".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən