Şiləvəngə yolunda 7 illik problem: İcra Hakimiyyətinin məktubu ilə açıqlamalar üst-üstə DÜŞMÜR

 16:20 29.10.2026     155

Yardımlı rayonunun Şiləvəngə kəndində yeddi ildir həllini gözləyən yol problemi ətrafında müəmma davam edir. Xatırladaq ki, Redaktor.az oktyabrın 28-də “Yardımlıda 7 ildir yol problemi həll olunmur: "Vəd çoxdur, nəticə yoxdur!’ – Sakinlərdən İcra Hakimiyyətinə İRAD" başlıqlı araşdırma dərc edib. Sakinlərin bildirdiyinə görə, 2019-cu ildə kəndə asfalt yol çəkilişinə başlanılıb, lakin cəmi 1800 metr yol asfaltlaşdırılaraq işlər yarımçıq saxlanılıb. Kəndin əsas yaşayış hissəsi asfalt örtüyünün bitdiyi nöqtədən təxminən 1,2–1,5 kilometr aralıda yerləşir. Nəticədə sakinlər, xüsusilə yağışlı havalarda, palçıqlı yollardan istifadə etməyə, məktəblilər isə gediş-gəliş zamanı çətinliklərlə üzləşməyə məcburdurlar.

Redaktor.az-ın əvvəlki araşdırmasından sonra Şiləvəngə kənd sakinlərinin redaksiyamıza növbəti müraciəti daxil olub. Yardımlı Rayon İcra Hakimiyyətinin rəsmi məktubunda yolun asfaltlanması üçün müqavilə bağlandığı və işlərə başlanacağı bildirilsə də, sakinlərə verilən şifahi məlumatlar yeni suallar yaradıb. Sakinlərin redaksiyamıza təqdim etdiyi Yardımlı Rayon İcra Hakimiyyətinin 19 oktyabr 2026-cı il tarixli, başçının müavini Miramil Səmədlinin imzaladığı məktubda bildirilir: “Şiləvəngə kəndinin ərazisində olan avtomobil yolunun asfaltlanmasının başa çatdırılmasına kömək barədə Yardımlı RİH-nə müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizlə bağlı Sizinlə söhbət aparıldı. İzah olundu ki, tikinti müəssisəsi ilə müqavilə bağlanmışdır. Yaxın vaxtlarda Şiləvəngə kəndində nəzərdə tutulan avtomobil yolunun asfaltlanma işinə başlanacaqdır”. Məktub sakinlərə oktyabrın 28-də təqdim olunub. Sənəddə müqavilənin bağlandığı və işlərin başlanacağı bildirilsə də, podratçı şirkətin adı, müqavilənin dəyəri və tikintinin dəqiq başlama tarixi göstərilmir. Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrindən biri əvvəlki şifahi açıqlamasında podratçı şirkətlə müqavilə bağlandığını, işlərin dekabrın 31-dək təhvil verilməli olduğunu və şirkətə 30 min manat köçürüldüyünü bildirib. Daha sonra, sakinlərin sözlərinə görə, oktyabrın 29-da şirkətə 58 min manat ödəniş edildiyi deyilib. Eyni zamanda, podratçının əlavə dəyər vergisi (ƏDV) üçün daha 4 min manat tələb etdiyi və bu səbəbdən işi görməkdən imtina etdiyi barədə məlumat verilib.

Qeyd edək ki, bununla belə, suallar açıq qalır: əgər müqavilə bağlanıb, işlərin təhvil verilməsi üçün müddət müəyyən edilibsə, tikinti niyə başlanmayıb? Sakinlərin təqdim etdiyi məlumata əsasən, guya şirkətin əlavə 4 min manat ƏDV tələb etməsi işlərin görülməməsinin səbəbi kimi göstərilib. Lakin podratçı müqavilə üzrə öhdəlik götürübsə, həmin öhdəliklərin hansı əsaslarla icra edilmədiyi izah olunmalıdır. Əlavə maliyyə tələbi ilə bağlı fikir ayrılığı yaranıbsa, bunun müqaviləyə və qanunvericiliyə uyğun necə həll edildiyi, gecikməyə görə hansı tədbirlərin görüldüyü ictimaiyyətə açıqlanmalıdır. Ən vacib məqam isə budur: podratçının adı və müqavilənin əsas şərtləri açıqlanmadan bu suallara aydın cavab tapmaq çətindir.

Qeyd edək ki, əvvəlki araşdırma zamanı Redaktor.az məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. İcra başçısının müavini Miramil Səmədov bildirib ki, sözügedən yolun tikintisi onların səlahiyyətlərinə aid deyil və məsələ ilə bağlı AAYDA-ya müraciət edilməlidir. Agentlikdən isə yolun qurumun balansında olmadığı və Rayon İcra Hakimiyyətinə müraciət edilməsinin zəruri olduğu bildirilib. Bu açıqlamalarla İcra Hakimiyyətinin sonradan sakinlərə təqdim etdiyi, tikinti müəssisəsi ilə müqavilə bağlandığını təsdiqləyən məktub arasında aydınlaşdırılmalı məqamlar var. Şiləvəngə kənd sakinləri ümid edirlər ki, Yardımlı Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Orxan Məmmədov illərdir həllini gözləyən bu problemi diqqətə və nəzarətə götürəcək, kənd yolunun tamamlanması üçün zəruri addımların atılmasına dəstək verəcək. Sakinlər inanırlar ki, yeni rəhbərliyin müdaxiləsi ilə illərdir davam edən narazılığa son qoyulacaq, verilən vədlər nəhayət, real nəticə ilə təsdiqlənəcək.

Redaktor.az məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinin, podratçı şirkətin və digər aidiyyəti qurumların mövqeyini öyrənməyə və ictimaiyyətə çatdırmağa hazırdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən