Avropaya səfər etmək istəyən azərbaycanlılara ŞAD XƏBƏR
Litvanın xarici işlər naziri Kestutis Budris bildirib ki, Litva Avropa İttifaqı Şurasının sədri kimi Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərəcək.
Bəs bu sadələşmə necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi ki, Litvanın xarici işlər nazirinin Avropa İttifaqı Şurasının sədri kimi bu məsələni gündəliyə gətirməyi və Azərbaycanla Avropa İttifaqı ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dəstək göstərməyi bəyan etməsi, əlbəttə ki, vizaların tamamilə aradan qaldırılması demək deyil:
"Burada, hər halda, viza prosedurlarının sadələşdirilməsindən söhbət gedir. İlk növbədə, bu sadələşdirmə nədən ibarət ola bilər? Məsələn, vizanın alınması üçün daha az vaxt tələb oluna bilər. Bildiyimiz kimi, bu gün Avropa İttifaqı ölkələrindən viza almaq prosesi kifayət qədər mürəkkəbdir. Bu isə Azərbaycan kimi ölkələrdən həmin dövlətlərə gediş-gəliş zamanı müəyyən maneələr yaradır. Xüsusilə ailə üzvlərini, dost-tanışlarını və qohumlarını ziyarət etmək, yaxud turizm məqsədilə Avropa İttifaqı ölkələrinə səfər etmək istəyən insanlar üçün viza prosedurları kifayət qədər vaxt aparır. Bu da insanların səfər etmək barədə qərarlarına təsir göstərir. Sadələşdirmə, əslində, həm prosedurların müddətinin azaldılmasını, həm də dost-qohumlarını ziyarət etmək və ya ailəlikcə səfər etmək istəyən şəxslərin viza müraciətlərinə daha çevik yanaşılmasını əhatə edə bilər. Xüsusilə işgüzar məqsədlərlə Avropa İttifaqı ölkələrinə tez-tez səfər edən vətəndaşlarımıza daha fərqli yanaşma tətbiq oluna bilər ki, onlar vizanı daha qısa müddətdə əldə edə bilsinlər".

Müsahibimizin sözlərinə görə, ümumilikdə, Avropa İttifaqı ölkələrinə, xüsusən də Şengen vizasının alınması üçün bir sıra sənədlər tələb olunur:
"Viza prosedurları mürəkkəb və vaxt aparan olduğuna görə sənədləşmə prosesində müəyyən sadələşdirmələrə gedilə bilər. Amma bütün bunlar hələ ki bəyanatdır. Əlbəttə, Litvanın belə bir mövqe ortaya qoyması müsbət addımdır. Bununla belə, Litva təkbaşına Avropa İttifaqı ölkələri üçün bu məsələni birtərəfli qaydada həll edə bilməz. Lakin Avropa İttifaqı Şurasına sədrliyindən istifadə edərək bu məsələni gündəliyə gətirə və digər tərəfdaşlarla müzakirəyə çıxara bilər. Bu da istənilən halda müsbət addımdır. Düşünürəm ki, prosedurların sadələşdirilməsi və gələcəkdə bu istiqamətdə müəyyən nəticələrin əldə olunması qarşılıqlı səfərlərin sayını artırar, müsbət təsir göstərər və ölkələr arasında əlaqələri daha da sıxlaşdırar".
NURİYYƏ













