Həmin məktəb bu il də odun sobası ilə qızdırılacaq - RƏSMİ AÇIQLAMA

 15:37 19.09.2024     1023

Xəbər verdiyimiz kimi, Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbi ilə bağlı Redaktor.az-ın elektron ünvanına şikayət daxil olub. Kəndin sakini Rəvan Məmmədov bildirib ki, məktəbin əsaslı təmir edilməsinə baxmayaraq, məktəbdə kombi qızdırıcı sistemi yox, odun sobasından istifadə planlaşdırılıb. Bu isə narazılığa səbəb olub.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ümumi təhsil müəssisələrində təmir işləri prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə 2 formada aparılır: cari və ya əsaslı təmir.

"Qeys Baxışov adına Göyçay rayon Çərəcə kənd tam orta məktəbində ötən il və bu il ərzində cari təmir işləri aparılıb. Əlavə olaraq, vətəndaşın müraciətində bildirdiyi mərkəzləşdirilmiş isitmə sisteminə keçid isə növbəti illərdə əsaslı təmir zamanı nəzərə alınacaqdır. Adıçəkilən ümumi təhsil müəssisəsinin isidilməsi əvvəlki illərdə odun sobaları vasitəsilə həyata keçirilib və 2024-2025-ci tədris ilində də bu qaydada davam etdiriləcək", - deyə açıqlamada qeyd edilib.

Sevinc İBRAHİMZADƏ