DİM xüsusi təyinatlı ali məktəblərə keçid ballarını niyə elan etmir? - RƏSMİ AÇIQLAMA

 13:15 15.10.2024     110

Xəbər verdiyimiz kimi, xüsusi təyinatlı ali məktəblərə keçid balları rəsmi şəkildə açıqlanmır. Bununla bağlı, həm abituriyentlər, həm də təhsil ekspertləri narazılıq edirlər. Onlar bildirirlər ki, Fövqəladə Hallar Nazirliyinin, Polis Akademiyasının və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin keçid ballarını öyrənmək üçün gərək həmin akademiyalara, yaxud Dövlət İmtahan Mərkəzinə (DİM) zəng edib məlumat alsınlar. Ancaq bu ballar da, digər universitetlərdə olduğu kimi "Abituriyent" jurnalında qeyd oluna bilərdi.

Bəs nə üçün DİM həmin təhsil müəssisələrinin keçid ballarını rəsmi olaraq elan etmir?

Bununla bağlı Dövlət İmtahan Mərkəzindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, təkcə xüsusi təyinatlı ali təhsil müəssisələrinin keçid balı, eləcə də qəbul planı açıqlanmır.

"Bu da həmin təhsil müəssisələrin tabe olduqları nazirliklərin müraciətinə əsaslanır", - deyə məlumatda qeyd olundu.

Sevinc İBRAHİMZADƏ