Məktəblərdə bu şəxslərlə bağlı cəza mexanizmləri olacaq - Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, məktəb avadanlıqlarının baxımsızlıq və biganə münasibət səbəbindən sıradan çıxarılması həm vəsaitin israfına, həm də təhsilin keyfiyyətinin azalmasına səbəb olur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 saylı qərarı ilə təsdiq edilən “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”ndə məktəblərdəki avadanlıqların, maddi-texniki təchizatın qorunma qaydaları bütün incəliklərinə qədər əks olunub:
"Adıçəkilən dövlət sənədində təkcə məktəblərin maddi-texniki avadanlıqları yox, həmçinin onların necə tikilməsi, sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, müxtəlif funksiyalı otaqların (tibb otağı tipli) hazırlanma qaydaları, ara məsafələr və s. hər bir detal hesablanıb. Belə olan təqdirdə, təbii ki, məktəbdaxili texniki təchizatın da qorunması bir təhsil müəssisəsi adına həssas məsələ hesab edilməlidir. Çünki dövlət müəssisəsi olan və təhsili şagirdlər üçün ödənişsiz əsaslarla, dövlətin ayırdığı vəsait hesabına təşkil edən məktəbdəki avadanlıqlar da dövlətə aid olan predmetlərdir. Məktəbin divarlarından tutmuş, şagirdlərə paylanılan kitablara qədər hər detalın dövlətə aid olduğunu, bunların təhsil alınması üçün təhkim olunduğunu anlamaq və bir müddətdən sonra estafet kimi digərinə ötürülməsi reallığını bilən şəxs, təbii ki, avadanlığa, maddi-texniki təchizata da xüsusi qayğı ilə yanaşmalıdır. Bu gün məktəbin informatika kabinetindəki kompüterdən, sinif otaqlarındakı partadan, şagirdin əlindəki kitabdan tutmuş bütün maddi təminatlar bizə dövlətin bir əmanəti kimi görünməli və o cür də qorunmalıdır".
Ekspert qeyd etdi ki, dövlətçilik xarakteri hər bir detalda özünü büruzə verməli, ona aid olan hər detal həssaslıqla qorunmalıdır:
"Şəxsən əlimizdə hansı məktəbdə hansı texniki avadanlığın zədələnməsi, sıradan çıxarılması ilə bağlı rəsmi məlumatlar yoxdur. Amma heç birimizə sirr də deyil ki, istər paytaxt, istərsə də region məktəblərində təəssüf ki, ara-sıra belə halların şahidi oluruq. Şəxsən dostluq etdiyim bəzi məktəb direktorları var ki, onlar məktəbdə zədələnmiş, sıradan çıxmış avadanlıqları bəzi hallarda məktəb heyətinin, şəxsən özlərinin maddi vəsaiti hesabına aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, yeni tədris ilindən etibarən məktəblərdə tətbiq olunacaq şagird davranış qaydalarında məktəbin texniki təchizatına ciddi zərbə vuran şəxslərlə bağlı müəyyən cəza mexanizmləri mövcud olacaq. Onların tətbiqi bu istiqamətdə problemləri müəyyən qədər azaltmış olacaq", - deyə E.Nuri vurğuladı.
Aytəkin TOFİQQIZI