150 bal toplayan abituriyentlərə yeni imkan – Müəllimdən DİM-in qərarına dəstək

 16:53 03.08.2026     1044

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə tərəfindən verilən məlumata əsasən, 1 və 2-ci qruplarda 150 bal toplayanların seçim edə biləcəkləri ixtisasların sayı artırılıb. Lakin 150 bal toplayanların seçim edə biləcəkləri ixtisasların sayının artırılması bəziləri tərəfindən birmənalı qarşılanmır.

Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu məsələ həssas məsələdir:

"Dövlət İmtahan Mərkəzinin bu addımını hardasa alqışlayıram. Çünki abituriyentlərin imtahan göstəricilərinin səviyyəsi aşağı olur, istər-istəməz ali məktəblərdə, fakültələrdə boş yerlər qalır və nəticədə də tələbələr kəsilir. Sonradan kəsilmiş tələbələr attestatla da xarici universitetlərə – Dağıstana, Ukraynaya, Türkiyəyə, Gürcüstana üz tuturlar. Bu da müəyyən çətinliklər törədir. Mən düşünürəm ki, DİM bu addımı atmaqla bir növ abituriyentlərə, tələbə adı qazanmaq istəyən şagirdlərə bir şans yaradır ki, onlar o ballarla ali məktəbə daxil olsunlar. Amma sonradan çalışsınlar, oxusunlar, öz ixtisaslarını mükəmməl bilən şəxslərə çevrilsinlər".

Onun sözlərinə görə, bunu birmənalı qarşılamayanlar da bir növ özlərinə haqq qazandırırlar ki, 150 bal çox az baldır, bu şagirdin savad dərəcəsinin az olduğunu ortaya qoyur:

"Bu səbəbdən məsələ bir az həssasdır. Amma yenə də deyirəm, DİM-in bu addımını alqışlayıram, çünki şagirdlərimiz, abituriyentlərimiz bayırda qalmamalıdır. Düzdür, ola bilər ki, indiki halda balları aşağıdır, amma sonrakı dövrlərdə onlar oxumaqla, öz üzərlərində işləməklə əməlli-başlı gələcəkdə belə savadlı kadra çevrilə bilərlər.

Ali məktəblərdə 150 ballıq keçid desələr də, əslində o 150 bal toplayan şagirdlərin əksəriyyəti görürsən ki, qəbul ola bilmir və yaxud da hər hansı bölgədə bir neçə fakültəyə qəbul ola bilir. Əslində, mən güman etmirəm ki, elə 150 balla hökmən daxil olacaqlar. Əslində, o, yüksək ballardır, hardasa 180, 200 aralarında həmişə mübarizə olur. Bu baxımdan ixtisas seçimində tam 150 bal yox, əslində bir az daha yüksək ballar ali məktəbdə tələbə olmağa şans qazandırır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən