Özəl bağçalarda məcburi kamera tələbi: Neqativ hallara son qoyulacaq? - AÇIQLAMA 

 14:00 05.08.2026     663

Xəbər verdiyimiz kimi, Dövlət dəstəyi alan özəl bağçalarda müşahidə kameraları məcburi olacaq.

Maraqlıdır, bəs müşahidə kameralarının məcburi olması bağçalarda baş verən neqativ halları azaldacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, dövlət dəstəyi alan özəl bağçalara müşahidə kameralarının məcburi yerləşdirilməsi və eyni zamanda Elm və Təhsil Nazirliyinə birbaşa giriş icazəsinin verilməsi ümumilikdə məktəbəqədər təhsil sistemində şəffaflıq, hesabatlılıq və təhlükəsizlik baxımından normal dəyərləndirilməlidir.

Həmsöhbətimizin sözlərinə görə, bağçadakı neqativ halların böyük ölçüdə qarşısı məhz bu üsulla alına bilər, lakin sistemin tam səmərəli işləməsi üçün bəzi psixoloji və hüquqi nüanslar nəzərə alınmalıdır.

"Müşahidə kameralarının fasiləsiz işləməsi və nazirlik tərəfindən monitorinq edilməsi bağçalarda psixoloji və fiziki zorakılıq hallarını minimuma endirəcəyini düşünürəm. Kameraların mövcudluğu və görüntülərin dövlət qurumu tərəfindən izlənmə ehtimalı tərbiyəçilər və texniki heyət üzərində güclü özünənəzarət mexanizmi yaradacaq. Hər hansı neqativ hadisə baş verdikdə — münaqişə, kobud rəftar və ya bədbəxt hadisə baş verdikdə — görüntülər tərəflərin subyektiv rəylərini kənara qoyaraq hadisəyə obyektiv, hüquqi qiymət verməyə imkan yarada bilər. Həmçinin nəzarət altında olan təhsil verənlər, tərbiyəçilər və eyni zamanda orada texniki heyət ümumilikdə metodiki qaydalara, həmçinin uşaqlarla davranış etikasına, gün rejiminə daha ciddi riayət etməyə məcbur olacaqlar".

Onun fikrincə, sistemin uğurlu olması üçün yalnız texniki quraşdırma kifayət deyil, idarəetmədə yarana biləcək risklər düzgün hesablanmalıdır:

"Daimi kamera nəzarəti müəllimlərdə peşəkar tükənmə və stres yarada bilər. Bu da tərbiyəçilərin uşaqlara qarşı səmimi, emosional və təbii yanaşmasını azaldıb daha mexaniki davranışlara yol aça bilər. Həmçinin nazirliyə ötürülən canlı yayımların və arxiv sənədlərinin kənar şəxslərin əlinə keçməməsi üçün güclü kiber müdafiə sistemi qurulmalıdır. Uşaqların fərdi məlumatlarının və görüntülərinin gizliliyi qanunla tam qorunmalıdır. Həmçinin nazirlik daxilində bu kameraları real vaxt rejimində və mütəmadi seçmə üsulu ilə izləyəcək peşəkar monitorinq qrupu formalaşdırılmalıdır. Əks halda kameralar sadəcə hadisədən-hadisəyə baxılan passiv alətə çevrilə bilər".

İ.Orucov vurğuladı ki, kameralara giriş hüququ yalnız nazirliyin xüsusi səlahiyyətli şöbəsinə və bağça rəhbərliyinə məxsus olmalıdır:

"Valideynlərə açıq, onlayn yayın verilməsi pedaqoqun işinə daimi müdaxilələrə və əsassız şikayətlərə gətirib çıxara bilər. Kameralar tədris otaqları ilə yanaşı dəhliz, yeməkxana və digər hansı ki o “kor zonalarda” mütləq şəkillərdə yerləşdirilməlidir ki, yarana biləcək hansısa problemlər minimuma endirilsin. Hüquqi və etik normalara uyğun olaraq yalnız yataq və sanitar qovşaqlar kənarda saxlanıla bilər.

Eyni zamanda kamera inzibati nəzarət mexanizmidir, lakin problemin kökündən həll etmir. Bu addım ümumilikdə tərbiyəçilərin psixoloji diaqnostikası, sertifikasiyası və əməkhaqqının yüksəldilməsi kimi fundamental islahatlarla paralel aparılmalıdır. Yoxsa bu islahatları aparmadan yalnız robot kimi orada məktəbəqədər təhsil müəssisəsində işçiləri məcburi kamera altında saxlayasan, əlbəttə ki, bu yol deyil, düşünürəm. Ümumilikdə dövlət və özəl sektorun şərikli maliyyələşdirdiyi bu modeldə dövlətin büdcə vəsaitinə və uşaqların tərbiyəsinə kamera vasitəsilə nəzarət etmək tələbi tamamilə, mən hesab edirəm ki, doğru və effektiv addımlardan biridir, amma tam deyil. Bu praktika zamanla, düşünürəm, özünü doğruldacaqsa, müvafiq şəkildə dövlət bağçalarında da bunun tətbiqinə getmək olar.

Kameranın vacib olmasını istisna etmirəm və son illərdə bütövlükdə bağçalarda baş verən xoşagəlməz hallar və neqativlər bu keçidə həqiqətən əsas verir. Amma biz zaman-zaman elə dəyişiklik etməliyik ki, ümumilikdə məktəbəqədər təhsil müəssisəsində və yaxud məktəbdə bu kimi hallar olmasın və kameralara da ehtiyac olmasın. Biz şüurlarda o inqilabi dəyişikliyi etməliyik. Bunun üzərində daha çox fokuslansaq, hesab edirəm ki, daha doğru olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən