Azərbaycan və Özbəkistan arasında tələbə mübadiləsi genişləndirilə bilər - Açıqlama

 11:43 26.08.2026     4413

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, həm Azərbaycanda, həm Özbəkistanda təhsil sərgiləri keçirilməlidir.

Redaktor.az-a danışan  Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Azərbaycan və Özbəkistanda qarşılıqlı təhsil sərgilərinin keçirilməsi hər iki dövlətin strateji maraqlarına xidmət edən, həm də regional inteqrasiyanı sürətləndirən, eyni zamanda humanitar sahədə böyük qarşılıqlı əlaqə yaradan yüksək effektivliyə malik bir təşəbbüsdür.

Onun sözlərinə görə, bu layihə sadəcə tələbə mobilliyini artıran xətti bir mexanizm deyil:

"Türk dünyasının iki mühüm elmi-mədəni mərkəzi arasında rəqəmsal və intellektual körpünün qurulmasını təmin edən sistemli bir yanaşmadır. İnstitusional müstəvidə bu cür sərgilər universitetlərin rəhbər heyətlərini bir araya gətirərək ikitərəfli diplom proqramlarının, birgə doktorantura rəhbərliyinin və ortaq elmi-tədqiqat laboratoriyalarının yaradılmasına birbaşa təkan verəcəyini düşünürəm. Həmçinin Bolonya prosesi fonunda kurikulumların unifikasiyasını və akkreditasiya təcrübəsinin mübadiləsini sürətləndirə bilər.

Eyni zamanda, iqtisadi və demoqrafik baxımdan yanaşdıqda, azərbaycanlı tələbələrin Özbəkistanın fundamental elmlər, şərqşünaslıq və aqrar sahədə güclü olan qədim elmi mərkəzlərinə, özbək gənclərinin isə Azərbaycanın beynəlxalq reytinqli və ingilisdilli mühəndislik, İKT, neft-kimya proqramlarına axını regional beyin axınını tənzimləyə bilər. Gənclərin Qərbə və ya uzaq xaricə yönəlməsi əvəzinə, oxşar milli-mənəvi dəyərlərə malik regional təhsil qovşaqlarında cəmləşməsini təmin edəcək. Həmçinin, geosiyasi nöqteyi-nəzərdən təhsil vasitəsilə tətbiq edilən bu yumşaq yaxınlaşma strategiyası iki dövləti təhsil sahəsində bir-birinə maksimum dərəcədə yaxınlaşdıracaq. Düşünürəm ki, nəticə olaraq Türk Dövlətləri Təşkilatının “Orhun” proqramı kimi regional layihələr real müstəvidə canlanacaq. Həm də gələcəkdə hər iki dövlətin biznes və idarəetmə mühitinə bələd olan, bir-birinin dilini və iqtisadiyyatını dərindən tanıyan strateji kadr potensialı formalaşacaq".

Müsahibimizin fikrincə, sərgilərin effektivliyini stimullaşdırmaq və prosesin formal xarakter almasının qarşısını almaq üçün bu təşəbbüs mütləq paralel şəkildə keçirilən rektorlar forumları, həmçinin sənaye nəhənglərinin cəlb olunduğu təhsil-sənaye klasterləri və davamlılığı təmin edən ortaq virtual sərgi platforması ilə dəstəklənməlidir:

"Azərbaycanda uğurla həyata keçirilən “Study in Azerbaijan” layihəsinin, hesab edirəm ki, bir tərkib hissəsi bu ola bilər. Düşünürəm ki, bu təklifin reallaşması Azərbaycan və Özbəkistanın elmi, mədəni və geosiyasi yaxınlaşmasını təmin edən fundamental bir addım olmaqla yanaşı, iki ölkənin akademik rəqabət qabiliyyətini və həmçinin təhsil mübadiləsini qlobal miqyasda artıracaq bir potensiala malik ola bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən