610 ballıq nəticə niyə qəbul üçün kifayət etmədi? - Məzahir Məmmədlidən AÇIQLAMA
Məlumat verdiyimiz kimi, yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub. Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib. Ona gələn iradlara isə cavab olaraq bildirib ki, sevdiyi peşəni bir ömür yerinə yetirmək üçün 1 ilini qurban verər.
Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli qeyd etdi ki, belə hallarla bir neçə ildir qarşılaşırıq:
"Ötən il III qrupda belə bir hal baş vermişdi. Təbii ki, o, hüquqşünaslığı arzulayırdı deyə başqa bir ixtisas yazmamışdı. Bu il də IV qrupda eyni hadisə, yəni təxminən 624 deyilir, 610 da deyilir, belə bir bal toplamış şəxsin kənarda qalması, əlbəttə ki, cəmiyyətdə birmənalı qarşılanmır. Bu, artıq bizim qəbul qaydalarına bağlı bir məsələdir. Ona görə də bu məsələ ilə bağlı ancaq abituriyentlər özləri qərar verə bilərlər ki, yəni onların artıq seçdikləri ixtisas sıradan hansısa olsun, təki tələbə olum deyə seçmirlər. Yəni artıq belə tələbələr var ki, onlar birmənalı arzuladıqları, istədikləri ixtisası seçirlər. Bu da nəticədə gətirib onları qəbuldan kənarda qoyur".
Müsahibimizin fikrincə, müəyyən ədalətsizlik var:
"Yəni 3-5 bal aşağı-yuxarı biri, deyək ki, gələcəyin həkimi ola bilir, digəri kənarda qalır. Yanaşmada, məncə, problem var. Ona görə böyük ehtimalla bizim qəbul qaydalarındakı ixtisas seçimi məsələsi bir qədər artıq fərqli formatda olmalıdır. Bütün hallarda bugünkü reallıq, bugünkü qaydalar hələ ki, bunu diktə edir. Başqa heç nə etmək olmur. Sadəcə, builki məsələdə 152 bal toplamış bir nəfər tələbə olur, ancaq 600-dən artıq bal toplamış biri kənarda qalır. Bu artıq cəmiyyətdə “nədən belə oldu?” kimi suallar yaratmır, sadəcə olaraq müəyyən bir xoşagəlməyən mühit formalaşdırır, vəziyyət yaradır. O baxımdan düşünürəm ki, bu məsələlərə bir dəfə baxılsa, yəni müəyyən təkmilləşmələr olsa, daha yaxşı olar".
Aytəkin TOFİQQIZI













