Şagirdlərin oxuyub-anlama bacarığı necə inkişaf etdirilməlidir? – Mütəxəssislərdən TƏKLİFLƏR
PISA 2025 nəticələri Azərbaycan məktəblərində şagirdlərin oxu savadlılığı və oxuduğunu anlama bacarığı ilə bağlı ciddi problemlərin hələ də mövcud olduğunu ortaya qoyub. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, şagirdlərin oxumaq imkanları olsa da, oxuyub-anlama istiqamətində çatışmazlıqlar müşahidə edilir. Xüsusilə Bakı və regionlar üzrə nəticələr arasındakı fərqlər diqqət çəkir.
Bəs şagirdlərin oxuyub-anlama bacarığının zəif olmasının əsas səbəbləri nələrdir? Şagirdlərin oxuyub-anlama bacarıqlarının artırılması üçün mövcud tədris proqramlarına əlavələr edilməsinə ehtiyac varmı? Nə etmək lazımdır ki şagirdlərin oxuyub-anlama bacarığı inkişaf etsin?
Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirdi ki, PISA nəticələri artıq elan olundu və Azərbaycan, demək olar ki, PISA-da qiymətləndirilən üç istiqamətin hər birində əvvəlki nəticələrlə müqayisədə ciddi artım müşahidə olunan ölkələrdən biridir:
"Xüsusilə riyaziyyat istiqamətində 63 bal, təbiət fənləri üzrə 60 bal, eləcə də oxu bacarıqları üzrə 40 bal fərqlə əvvəlki nəticələrlə müqayisədə irəliləyiş əldə edilib. Bu göstəricilər, əslində, həqiqətən də ciddi və yüksək göstəricilərdir. Bunu şagirdlərimizin ümumtəhsil məktəblərində bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsi kimi də qiymətləndirmək olar. Ümumilikdə təhsilimizdə inkişaf var. Amma bütün problemlər həll olunubmu? Əlbəttə ki, xeyr. Bütün problemlərin həll olunması istiqamətində, təbii ki, müvafiq addımlar atılmalıdır. Bu, birmənalı olaraq belədir. Əvvəlki illərdə, 2022-ci ildə Bakı şəhəri üzrə şagirdlərimizin qiymətləndirilməsi PISA-da öz nəticəsini göstərmişdisə, hazırda 2025-ci ilin nəticələrinə əsasən ölkə səviyyəsində 241 ümumtəhsil məktəbində 7500-ə yaxın şagirdin qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirmənin nəticələrinə görə də PISA-da, ümumilikdə, əvvəlki nəticələrlə müqayisədə irəliləyiş hiss olunur. Sadəcə burada oxu, bilik və bacarıqlarının qiymətləndirilməsində şagirdlərimizin nəticəsi arzulanan səviyyədə deyil. Məsələn, riyaziyyat və təbiət fənləri üzrə biliklər daha yüksəkdir".

Ekspertin fikrincə bunun əsas səbəi bizdə hazırda imtahanyönümlülüyün ön planda olmasıdır:
"Məsələn, abituriyentlər, xüsusilə 15 yaşına çatmış şagirdlər universitetə hazırlıq istiqamətində çalışdıqları üçün bu istiqamətdə riyaziyyata daha çox meyil edirlər. Çünki riyaziyyat bütün ixtisas qruplarında və buraxılış imtahanında yer alır. Bu səbəbdən abituriyentlər riyaziyyata daha çox diqqət yetirirlər. Riyazi analiz qabiliyyəti istər-istəməz uşaqlarda müəyyən qədər inkişaf edir və bu da, təbii ki, nəticədə öz bəhrəsini göstərir. Amma çox təəssüf olsun ki, hazırda uşaqlarda oxuma və qavrama bacarıqları arzulanan səviyyədə deyil. Burada əsas məsələ sadəcə sürətli oxumaq deyil. Düzgün oxumaqla yanaşı, oxuduğunu təhlil etməkdir.
Bizdə də hazırda bu istiqamətdə, hesab edirəm ki, müəyyən boşluqlar var və bu boşluqlar doldurulmalıdır. Məsələn, Dövlət İmtahan Mərkəzi qəbul imtahanında mətn təqdim edir və mətn üzərində düşünmə qabiliyyətini yoxlayır. Bu da, təbii ki, istər-istəməz nəticədə öz bəhrəsini verir".
Onun sözlərinə görə, ümumtəhsil məktəblərində də oxuma, dərk etmə, mətnlərin təhlil edilməsi, hər hansı kiçik əsərlərin və hekayələrin təhlil olunması, müəllimlər tərəfindən həyata keçirilməlidir ki, bu nəticələr daha yüksək olsun:
"Düşünürəm ki, əgər təhsilverənlərin bu istiqamətdə atdığı addımlar müvafiq qaydada olarsa, bu, nəticələrə də müsbət təsir göstərəcək. Emin Əmrullayevin də qeyd etdiyi kimi, sertifikasiya imtahanının nəticələrinə əsasən artıq ümumtəhsil məktəblərində daha keyfiyyətli müəllimlərimizin fəaliyyət göstərməsini qərarlaşdırmışıq. Bildiyiniz kimi, sertifikasiyada daha yüksək nəticə göstərən müəllimlər ümumtəhsil məktəblərində tədris fəaliyyətlərini davam etdirir, aşağı nəticə göstərənlər isə artıq kənarlaşdırılır. Bu da yaxın gələcəkdə, belə deyək, nəticələrin daha yaxşı olmasına gətirib çıxara bilər. Bəlkə də 5 il sonra, 10 il sonra artıq daha yüksək nəticələr əldə oluna bilər. Bu çıxışa binaən deyə bilərəm ki, bəli, hər bir şagirdin nəticəsi onun müəlliminin keyfiyyətindən, müəllimin işləmə qabiliyyətindən və bacarığından asılıdır. Artıq ümumtəhsil məktəblərimizdə keyfiyyətli müəllimlərin olması, hesab edirəm ki, yaxın gələcəkdə müəyyən qədər nəticələrə də müsbət təsir göstərəcək".
Füzuli rayon Qarabağ kənd tam orta məktəbinin direktoru, "İlin gənc müəllimi" və "İlin peşəkar gənci" Əlihüseyn Yaqubov isə qeyd etdi ki, hazırda bütün dünyada PISA standartları, PISA-ya qoşulan ölkələr üçün təhsilin inkişafını ölçən meyar kimi qəbul olunur:
"Əsas məsələ ondan ibarətdir ki, biz əvvəlki PISA nəticələri ilə indiki PISA nəticələrimizi müqayisə edəndə, əslində, bir qədər optimist qənaətə gəlirik. Çünki artıq ölkəmiz orta balını yüksəldib və eyni zamanda mövqeyini yaxşılaşdırıb. Əvvəlki qiymətləndirmədə nəticəmiz kifayət qədər aşağı idi. PISA rəhbəri Andreas Şleyxer müəllimlərin sertifikasiya imtahanının gələcəkdə müsbət təsir göstərəcəyini vurğulamışdı. Artıq biz bunu görürük ki, həmin sertifikasiya imtahanlarının nəticələri də öz təsirini göstərir. Çünki illər əvvəl imtahandan kəsilən müəllimlərin dərs keçdiyi siniflərin mənfi nəticələrini hələ də yaşayırıq. Xüsusilə yuxarı siniflərdə, deyək ki, bu ilki və ötən ilki 11-ci siniflərin nəticələrinə, eləcə də 9-cu siniflərin nəticələrinə təsir edir. Düşünürəm ki, sertifikasiya imtahanının həyata keçirilməsi də ölkənin beynəlxalq qiymətləndirmələrdəki nəticələrinə təsir göstərəcək".
Müəllim bildirdi ki, onun oxuyub-anlama ilə bağlı maraqlı bir təcrübəsi var:
"Mən məktəb direktoru olduğum üçün öz məktəbimizdəki nəticədən danışmaq istəyirəm. Belə ki, bizim dördüncü sinfimizin nəticəsi bu il Füzuli rayonuna aid məktəblər sırasında ana dili üzrə birinci yerə çıxdı. Bu da bizim fəaliyyətimizin nəticəsi idi. Təbii ki, burada valideynlər, şagirdlər və müəllimlər birgə işlədilər. Biz yalnız məktəb vəsaitlərindən deyil, əlavə vəsaitlərdən də istifadə etdik. Vaxtaşırı sınaqlar və monitorinqlər keçirdik. Bunlar da, təbii ki, nəticəyə öz təsirini göstərdi".
Müsahibimiz əlavə etdi ki, burada ən vacib məsələlərdən biri, ailələrin və şagirdlərin maraq dairəsidir:
"Bu, bizə çox dəstək oldu. Çünki dünyagörüşü olan, dünyagörüşü daha yüksək olan ailələrin övladları ilə işləmək və daha yüksək nəticə əldə etmək daha rahatdır, nəinki digərləri ilə. Sinfin orta nəticəsi yüksək oldu. Dediyim kimi, ana dili üzrə bizim məktəbin orta balı hətta 600-dən yuxarı oldu ki, bu da kifayət qədər yüksək nəticə hesab olunur. Bildiyim qədərilə, bu nəticələr T-şkalası, hətta PISA şkalası ilə hesablanır. Nəticəmiz çox yüksək oldu. Amma, məsələn, müəyyən zamanlarda bizim siniflərimizin nəticələrinin yüksək olmadığı vaxtlar da olub. Bu da, təbii ki, qeyd etdiyim kimi, ölkədə buna bəzən iqtisadi durumun təsir etməsi ilə bağlıdır. İqtisadi və maddi durumu çox çətin olan ailələr övladlarına vaxt ayırmaqda çətinlik çəkirlər. Biz bilirik ki, dünyada təhsil, təhsil üçbucağı deyilən - müəllim, valideyn, ailə və şagird formasında inkişaf etdirilir. Bu üçbucağın bir teli qoparsa, ən əsası da valideyn tərəfi qoparsa, onda biz nəticə əldə etməkdə çox böyük çətinlik çəkirik".
Əlihüseyn Yaqubov vurğuladı ki, ölkədə bu istiqamətdə iş aparılmalı, bu nəticələr araşdırılmalıdır:
"Təbii ki, PISA-da Azərbaycanın nəticələrinin artdığını görürük. Həmin nəticələrin hansı formada əldə olunduğunu, nəyin nəticəsində bu artımın baş verdiyini də müəyyənləşdirmək lazımdır. Bu da, düşünürəm ki, nəticələrin daha da yüksəlməsinə böyük təsir göstərəcək".
Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynovun fikrincə, müəllimlər həm universitet dövründə, həm də sonrakı müəllimlərin işə qəbuluna (MİQ) hazırlıq mərhələsində həm Azərbaycan dilinin, həm də ədəbiyyatın nəzəri biliklərini demək olar ki, mənimsəyirlər. Onun sözlərinə görə, burada əsas məsələ şagirdlərdə mətnlər üzərində işləmək, mətnləri anlamaq, qavramaq və mətnlərin tərkibində olan müəyyən məsələləri araşdırmaq bacarığının formalaşdırılmasıdır:
"Mən hesab edirəm ki, bu, daha doğru addımdır. Çünki bütün şagirdlər gələcəkdə oxuyub təhsilini davam etdirmir. Məktəb təkcə elmlərin və biliklərin verildiyi yer deyil, həm də təlim-tərbiyə müəssisəsidir. Mən düşünürəm ki, oxuma-anlama ilə bağlı sualların hazırlanması və yaxud müəllimlərin bu prosesə cəlb olunması yerində verilmiş fikirdir və bunu alqışlayıram. Şagirdin praktik məsələlərdə, gündəlik həyatda qarşılaşdığı məqamların öhdəsindən gəlməsi və bu vərdişlərin elə məktəbdən formalaşdırılması üçün müəllimlərdə də oxuyub-anlama bacarığının daha dərindən formalaşması vacib məsələlərdən biridir. Mən bunu çox doğru addım kimi qiymətləndirirəm".

Müəllimin sözlərinə görə, bunlar artıq orta məktəb müəllimi üçün o qədər də çətin məsələ deyil:
"Çünki müəllimlər buna kifayət qədər hazırlaşırlar. MİQ və sertifikasiya kimi imtahanlarda müxtəlif mərhələlərdən keçirlər və nəzəri biliklərə yiyələnirlər. Düşünürəm ki, uşaqlarda, şagirdlərdə həyati bacarıqların formalaşdırılması üçün müəllimlərin də bu şəkildə yetişdirilməsi lazımdır. Yəni onların oxuyub-anlama, mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi daha vacib məsələlərdir".
Xədicə BAXIŞLI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.














