Hər bir müəllimin süni intellekt assistenti olmalıdır – DİM sədrinin təklifinə dəstək gəldi
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, hər bir müəllimin süni intellekt (Sİ) assisenti olmalıdır. O təklif edib ki, müəllimlər süni intellekt təlimlərinə cəlb edilməlidir.
Təkliflə bağlı fikirlərini Redaktor.az-a bölüşən Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova vurğuladı ki, o bu təklifi ümumilikdə müsbət dəyərləndirir:
"Çünki süni intellekt artıq həyatımızın və təhsilimizin bir hissəsinə çevrilib. Burada əsas məsələ ondan qaçmaq deyil, ondan düzgün və məqsədyönlü istifadə etməyi öyrənməkdir. Müəllimin süni intellekt assistentinin olması onun işini əvəz etmək demək deyil. Əksinə, müəllimin gündəlik iş yükünün müəyyən hissəsini yüngülləşdirə bilər. Məsələn, dərs planlaşdırılması, əlavə materialların hazırlanması, müxtəlif səviyyəli tapşırıqların yaradılması, ideyaların toplanması, mətnlərin sadələşdirilməsi kimi işlərdə Sİ müəllim üçün yaxşı köməkçi ola bilər. Bu zaman müəllim daha çox şagirdlə ünsiyyətə, onun fərdi ehtiyaclarına və təlim prosesinin keyfiyyətinə vaxt ayıra bilər".

Lakin müsahibimizin fikrincə, burada ən vacib məsələ müəllimləri sadəcə hansısa Sİ alətindən istifadə etməyə öyrətmək deyil.
"Onlara düzgün sorğu vermək, alınan məlumatı yoxlamaq, səhvləri müəyyənləşdirmək, müəllif hüquqları, şəxsi məlumatların qorunması və etik istifadə kimi məsələlər də öyrədilməlidir. Ona görə də müəllimlərin süni intellekt üzrə sistemli təlimlərə cəlb olunmasını vacib hesab edirəm. Hətta düşünürəm ki, bu təlimlər yalnız nəzəri deyil, müəllimin gündəlik dərsinə uyğun praktik şəkildə təşkil olunmalıdır. Süni intellekt müəllimin yerini tutmamalıdır və tuta da bilməz. Çünki müəllim yalnız məlumat verən şəxs deyil. O, uşağı tanıyır, hiss edir, motivasiya edir, istiqamətləndirir. Süni intellekt isə bütün bunların yanında müəllimin işini daha rahat və səmərəli edən bir assistent ola bilər. Məncə, gələcəyin müəllimi süni intellektlə rəqabət aparan deyil, ondan düzgün istifadə etməyi bacaran müəllim olacaq", - deyə G.Əkbərova yekunlaşdırdı.
NURİYYƏ













