Zəif oxuyan şagirdlərin üzü açıq paylaşıldı - Vəkil: "Bu, qanun pozuntusudur"

 14:42 16.09.2026     128

Xəbər verdiyimiz kimi, C.Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin feysbuk hesabında 4, 6 və 9-cu sinif şagirdlərindən zəif nəticə göstərənlərin yay məktəbinə cəlb olunması ilə bağlı paylaşım edilib və şagirdlərin üzü açıq olaraq paylaşılıb.

Bəs şagirdlərin üzlərinin açıq paylaşılması qanunidirmi?

Redaktor.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə qeyd etdi ki, şagirdlərin üzləri açıq şəkildə və zəif nəticə göstərənlər kimi mənfi kontekstdə sosial mediada paylaşılması qanuni deyildir və ciddi hüquq pozuntusudur:

“Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında Qanununun 15-ci maddəsinə və Şəxsi məlumatlar haqqında Qanunun 5-ci maddəsinə əsasən uşaqların fotosu, şəxsi məlumatları və təhsil göstəriciləri fərdi məlumat sayılır.

Bundan əlavə, bu cür paylaşım uşağın şərəf və ləyaqətinin, habelə psixoloji toxunulmazlığının pozulması deməkdir. Məktəblilərin zəif kimi etiketlənərək üzlərinin açıq göstərilməsi Konstitusiyanın 32-ci maddəsində nəzərdə tutulan şəxsi toxunulmazlıq hüququnu və "Uşaq hüquqları haqqında" Qanunun 12-ci maddəsi ilə qorunan uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququnu tapdalayır. Bu cür yanaşma uşaqlar arasında psixoloji təzyiqə, utanc hissələrinə, həmdaşıları tərəfindən ələ salınmaya və onların cəmiyyətdən təcrid olunmasına yol açır ki, bu da təhsil müəssisəsinin etik və hüquqi vəzifələrinə kökündən ziddir”.

Onun sözlərinə görə, hüquqi müstəvidə bu addım İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə əsasən fərdi məlumatların qanunsuz toplanılması və yayılması kimi qiymətləndirilə bilər və müvafiq vəzifəli şəxslər üçün inzibati məsuliyyət yaradır:

“Valideynlər həmin paylaşımın dərhal silinməsini tələb etmək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Elm və Təhsil Nazirliyinə, eləcə də İnsan Hüquqları üzrə Müvəkkilə şikayət etmək hüququna malikdirlər. Həmçinin Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinə əsasən uşağa dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət oluna bilər”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən