Magistr diplomu işə qəbul üçün üstünlük olmalıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, saytımıza açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, işə qəbul zamanı və əməkhaqqının müəyyənləşdirilməsində magistratura təhsili alan şəxslərə üstünlük verilməsi bu sahəyə marağı artıra bilər.
Magistratura təhsilinə görə işə qəbul və əməkhaqqında üstünlük verilməsi necə qiymətləndirilir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan 2020-2024-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, daha sonra isə 2024-2026-cı illərdə magistratura pilləsində Radio və telejurnalistika ixtisası üzrə təhsil alan Aytac Baxşiyeva düşünür ki, işə qəbulda və əməkhaqqı müəyyən edilərkən magistr təhsilinə önəm verilsə, magistratura oxumaq istəyənlərin sayı artar:
"Düzdür, hazırda da bu say elə də az deyil. Magistratura təhsili alanlar əsasən universitetlərdə müəllim və ya professor kimi çalışmaq istəyənlər olur. Bunun üçün isə təkcə magistr təhsili yetərli deyil. Amma eyni zamanda öz sahəsində ixtisaslaşmaq istəyənlər də bu təhsili alır, mən özüm də. İşə qəbul zamanı magistr təhsilinə üstünlük verilməsi, zənnimcə, pis bir fikir deyil. Eyni zamanda onu da qeyd edim ki, işçinin nə dərəcədə bacarıqlı olması da işə təsir edən amillərdən biridir. Düşünürəm ki, magistr təhsili almaq hər zaman şəxsin işini bacaracağı mənasına gəlmir. Bakalavr təhsili belə almadan inkişaf etməyi bacaran insanlar var. Yenə də qeyd edim ki, fikrimcə, magistr təhsilinə üstünlük vermək bu sahəyə marağı artıra bilər."
Aytəkin TOFİQQIZI













