"Siz şagirdə bir addım atın, o sizə qaça-qaça gələcək" - Təltif olunan müəllim DANIŞDI
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif edilib. Təltif olunan müəllimlər sırasına Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin (FRİTL) tarix müəllimi Günay Şərifzadə də daxildir.
Təltif olunan Günay Şərifzadə Müəllimlər Günü münasibətilə Redaktor.az-a danışaraq həm zəngin fəaliyyəti, həm də peşə həyatındakı səmimi xatirələri barədə ətraflı söhbət açdı:
"Mən Şərifzadə Günay Rövşən qızı, 1986-cı ildə Qəbələ rayonunun Daşca kəndində anadan olmuşam. 2004-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, elə həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun Tarix fakültəsinə daxil olub fərqlənmə diplomu ilə bitirmişəm. 2016–2018-ci illərdə təhsilimi davam etdirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsində magistr dərəcəsini də fərqlənmə diplomu ilə başa vurmuşam. Pedaqoji fəaliyyətimə 2019-cu ildə Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində başlamışam".
.png)
G.Şərifzadə pedaqoji fəaliyyəti dövründə bir çox mühüm layihə və elmi işlərə imza atdığını vurğuladı:
"Fəaliyyətim dövründə şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün məktəblilərlə birlikdə "Qarabağ Sizsiz..." adlı üç cildlik kitabı ərsəyə gətirmişik. Həmin kitabları şəhid ailələrinə, Qarabağ Universiteti daxil olmaqla bir çox ali məktəblərə də hədiyyə etmişik. Həmçinin şagirdlərə tarix fənninin öyrənilməsində dəstək üçün "Tarix, müqavilələr, xəritələr" adlı vəsaitin müəllifiyəm. Tarix elmində daim araşdırılmağa və yeniliklər öyrənməyə ehtiyac var. Bu səbəbdən elmi araşdırmalarımın nəticəsi olaraq "Qarabağ abidələri", "Qarabağda erməni ekosidi" adlı məqalələrim işıq üzü görmüşdür. Təhsil Nazirliyinin bir çox layihələrində də iştirak etmişəm. Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində fəaliyyətimə görə Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunmuşam. Son olaraq müəllimlərin sertifikasiya imtahanında iştirak edərək 56 bal toplamışam".

Müəllimlik peşəsini seçməyində uşaqlıq illərindəki müəllimlərinin böyük rolu olduğunu vurğulayan G.Şərifzadə bu hissləri belə ifadə etdi:
"Uşaqlıqdan müəllimlərimə böyük sevgim və heyranlığım olub. Onların şagirdlərə münasibəti, bilik verməklə yanaşı, insanın həyatına təsir etmələri məndə bu peşəyə böyük maraq yaradıb. Düşünürəm ki, müəllimlərimə olan sevgim məni bu gözəl peşəyə gətirib çıxardı".
Hər bir pedaqoq kimi zaman-zaman yorulsa da, məktəb mühitinin ona güc verdiyini bildirən müəllimə əlavə etdi:
"Əlbəttə, bizim də yorulduğumuz, çətinliklər yaşadığımız anlar olur. Amma məktəbin həyətinə daxil olduğum andan bütün qayğılarımı və problemlərimi sanki qapının arxasında qoyuram. Şagirdlərimin "Salam, müəllim, necəsiniz?" deməsi üzümə istər-istəməz təbəssüm gətirir. Həmin an bir daha anlayıram ki, doğru yerdəyəm və bu peşəni niyə seçmişəm."

Dərslərdə səmimi mühit və sərbəst düşüncənin tərəfdarı olan G.Şərifzadə rəhbərliyin dəstəyi, şagirdlərin tarixə həvəsi və dərslərdə fərqli fikir azadlığının ona böyük motivasiya verdiyini vurğulayıb. O, dərslərin birində yaşadığı məzəli və unudulmaz xatirəsini belə bölüşdü:
"Böyük tənəffüsdən sonra sinfə daxil olanda bir şagirdim dostları üçün breyk-dans oynayırdı. Mane olmadan mən də tamaşaçı oldum, bu uşaqlar üçün də, mənim üçün də xoş an idi".
Pedaqoq şagirdlərindən aldığı hər bir diqqətin qiymətli olduğunu, lakin bir xatirənin xüsusi yer tutduğunu qeyd etdi:
"Şagirdlərimdən aldığım hər bir hədiyyənin mənim üçün xüsusi dəyəri var. Amma həvəskar rəssam olan bir şagirdimin çəkdiyi tablo xüsusilə əzizdir. Həmin tablo evimizin ən gözəl guşəsində yerləşir. Hər baxanda həm şagirdimi, həm də onun mənə olan sevgisini və zəhmətini xatırlayıram".

Müəllimliyin təkcə öyrətməkdən ibarət olmadığını deyən G.Şərifzadə əlavə etdi:
"Şagirdlərim mənə dostluğu, sədaqəti və sevgini öyrədiblər. Bəzən biz onlara bilik verdiyimizi düşünürük, amma əslində onlar da bizə həyatı, səmimiyyəti və insan münasibətlərinin dəyərini öyrədirlər".
Sonda bu sənətə yeni başlayan gənc həmkarlarına tövsiyələrini verən müəllim vurğuladı:
"Onlara demək istərdim ki, seçdiyiniz peşəni sevin və ona sadiq qalın. Çünki müəllimin şagirdə verdiyi yalnız bilik deyil, həm də inam, sevgi və istiqamətdir. Siz şagirdə bir addım getsəniz, əmin olun ki, o sizə qaça-qaça gələcək. Mən bu həqiqəti illər keçdikcə daha yaxşı anlayıram".
Aminə ŞAHSUVARQIZI













