“Təhsil sistemi müəllimin tələblərə cavab verə bilməsi üçün uyğun şərait yaratmalıdır” - Səbinə Babayeva

 14:14 29.10.2026     273

“Müasir dövrdə rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası qaçılmazdır. Lakin burada əsas sual yalnız müəllimin texnologiyadan istifadə bacarığının olub-olmaması deyil, həm də onun bu bacarığı reallaşdırması üçün hansı şəraitlə təmin edilməsidir”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında ingilis dili müəllimi Səbinə Babayeva müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin hazırlanması barədə açıqlamaya münasibət bildirərkən səsləndirdi.

Onun sözlərinə görə, rəqəmsal bacarıq müəllimin peşəkarlığının bir hissəsidir.

“İlk növbədə, müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum tələblərin müəyyənləşdirilməsini müsbət addım kimi qiymətləndirmək olar. Çünki müasir müəllim yalnız dərsliyi izah edən və şagirdin biliyini qiymətləndirən şəxs deyil. O, həm də informasiyanı seçməyi, rəqəmsal resurslardan səmərəli istifadə etməyi, interaktiv təlim mühiti yaratmağı və şagirdlərdə rəqəmsal savadlılığı inkişaf etdirməyi bacarmalıdır.

Belə tələblər müəllimlərin peşəkar inkişafına təkan verə, tədris prosesində texnologiyadan daha məqsədyönlü istifadəyə şərait yarada bilər. Elektron təqdimatlar, interaktiv tapşırıqlar, onlayn qiymətləndirmə vasitələri və rəqəmsal tədris platformaları dərsi daha əyani, maraqlı və şagirdyönümlü edə bilər”.

Həmsöhbətimiz nəzərə çatdırdı ki, hər bir yeniliyin müsbət nəticə verməsi onun necə tətbiq olunmasından asılıdır:

“Texnologiyadan istifadə tələbi texniki imkanlarla dəstəklənməlidir.

Burada diqqətdən kənarda qalmamalı olan mühüm məqam var: müəllimdən rəqəmsal bacarıq tələb etməzdən əvvəl məktəblərin bu bacarıqların tətbiqi üçün lazımi texniki imkanlarla təmin olunması vacibdir.

Bütün məktəblərdə kompüterlərin, proyektorların, interaktiv lövhələrin, stabil internet bağlantısının və digər zəruri avadanlıqların eyni səviyyədə olduğunu söyləmək mümkündürmü? Müəllimin dərs zamanı istifadə etmək istədiyi avadanlıq yoxdursa, internet bağlantısı zəifdirsə və ya mövcud texniki vasitələr işlək vəziyyətdə deyilsə, ondan rəqəmsal tədris imkanlarından tam istifadə etməyi tələb etmək nə dərəcədə ədalətli ola bilər?”.

S.Babayeva vurğuladı ki, müəllimin şəxsi kompüterindən, telefonundan və internet paketindən istifadə etməsi sistemli həll yolu sayıla bilməz:

“Təhsilin rəqəmsallaşdırılması ayrı-ayrı müəllimlərin şəxsi imkanlarından asılı olmamalıdır. Məktəblər zəruri texniki vasitələrlə təmin edilməli, avadanlıqların təmiri və yenilənməsi, internetə çıxış və texniki dəstək məsələləri də əvvəlcədən həll olunmalıdır. Əks halda, kağız üzərində hamı üçün eyni görünən tələb praktikada imkanları fərqli olan müəllimlərə qarşı qeyri-bərabər yanaşmaya çevrilə bilər. Bacarıq tələb etməkdən əvvəl öyrənmək imkanı yaratmaq lazımdır”.

O, diqqətə çatdırdı ki, digər mühüm məsələ müəllimlərin rəqəmsal bacarıqlarının səviyyəsidir:

“Müəllimlərin hamısı eyni yaşda, eyni təcrübəyə və eyni texnoloji hazırlığa malik deyil. Bəziləri rəqəmsal platformalardan sərbəst istifadə etdiyi halda, digərləri bu sahədə əlavə təlimə ehtiyac duya bilər. Bu fərqlilik müəllimin peşəkarlığını bütövlükdə qiymətləndirmək üçün yeganə meyar ola bilməz.

Əgər yeni standartlar müəllimlər üçün rəqəmsal tələblər müəyyənləşdirirsə, həmin tələblərin icrası üçün də müvafiq təlimlər, praktiki məşğələlər, metodik dəstək və öyrənmək üçün kifayət qədər vaxt təmin edilməlidir. Təlimlər formal xarakter daşımamalı, müəllimin gündəlik dərs prosesində qarşılaşdığı real ehtiyaclara cavab verməlidir”.

Səbinə Babayeva vurğuladı ki, müəllimə yeni öhdəlik qoymaq asandır, lakin həmin öhdəliyin yerinə yetirilməsi üçün imkan yaratmaq təhsil siyasətinin əsas məsuliyyətlərindən biridir.

“Rəqəmsal bacarıq müəllimin əsas missiyasını kölgədə qoymamalıdır. Rəqəmsallaşma təhsilin keyfiyyətini yüksəltmək üçün vasitədir, məqsədin özü olmalı deyil. 

Müəllimin hər dərsdə elektron təqdimat hazırlaması, interaktiv lövhədən istifadə etməsi və ya rəqəmsal tapşırıq təqdim etməsi tədrisin mütləq daha keyfiyyətli olması demək deyil. Bəzi mövzular ənənəvi üsullarla daha səmərəli izah edilə bilər. Əsas məsələ texnologiyadan yerində və məqsədəuyğun istifadə etməkdir.

Bundan başqa, müəllimlərin üzərinə düşən dərs yükü, sənədləşmə, hesabatlılıq və digər inzibati vəzifələr də nəzərə alınmalıdır. Rəqəmsal tələblər əlavə hesabatların hazırlanmasına və formal göstəricilərin artırılmasına çevrilərsə, müəllimin əsas fəaliyyətinə - dərsə hazırlaşmağa və şagirdlə işləməyə ayırdığı vaxtı azalda bilər”.

Müəllim tələblərin necə tətbiq olunmalı olduğundan da bəhs etdi:

“Məncə, müəllimlərin rəqəmsal bacarıqlarına dair minimum standartların müəyyənləşdirilməsi aşağıdakı prinsiplərə əsaslanmalıdır: İlk növbədə, məktəblərin texniki təminatı qiymətləndirilməli, mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır; müəllimlər üçün əlçatan, keyfiyyətli və praktik rəqəmsal təlimlər təşkil edilməlidir.

Daha sonra qiymətləndirmə yalnız sertifikat və ya nəzəri biliklərlə məhdudlaşmamalı, rəqəmsal vasitələrdən pedaqoji məqsədlərlə istifadə bacarığını da əhatə etməlidir. Bu yeni standartların tətbiqi mərhələli aparılmalı, müəllimlərə uyğunlaşmaq üçün vaxt verilməlidir. Ən əsasl rəqəmsal texnologiyalardan istifadə müəllimin şəxsi maddi imkanlarından asılı vəziyyətə salınmamalıdır.

Nəticə etibarilə, müəllimlərdən rəqəmsal bacarıqlar tələb olunmasına qarşı deyiləm. Əksinə, bu bacarıqların inkişafını müasir təhsilin zəruri istiqamətlərindən biri hesab edirəm. Lakin tələb və imkan arasında tarazlıq qorunmalıdır. Müəllimə yeni standart qoyulursa, həmin standartı həyata keçirmək üçün lazımi şərait də yaradılmalıdır”.

S.Babayeva bildirdi ki, təhsildə islahat yalnız müəllimin üzərinə yeni vəzifələr qoymaqla həyata keçirilmir. Onun fikrincə, islahat müəllimin fəaliyyətini asanlaşdıran, onun peşəkar inkişafını dəstəkləyən və şagird üçün daha keyfiyyətli təhsil mühiti yaradan sistem qurmaqdır:

“Məktəbi texniki avadanlıqla təmin etmədən, müəllimə öyrənmək və tətbiq etmək imkanı yaratmadan rəqəmsal bacarıq tələb etmək isə islahatın məsuliyyətini birtərəfli şəkildə müəllimin üzərinə qoymaq deməkdir.

Müəllimdən müasir dövrün tələblərinə uyğunlaşmaq gözlənilirsə, təhsil sistemi də müəllimin bu tələblərə cavab verə bilməsi üçün uyğun şərait yaratmalıdır. Çünki rəqəmsal təhsil yalnız rəqəmsal bacarıqlı müəllimlə deyil, həm də həmin bacarığın reallaşa biləcəyi məktəb mühiti ilə mümkün ola bilər”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən