Dərsliklərdə milli-mənəvi dəyərlərə zidd nümunələr var? - AÇIQLAMA

 18:53 18.11.2026     37

Məktəb dərsliklərinin məzmunu, hazırlanması və nəşri ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Milli Məclisin deputatı Tahir Rzayev bəzi dərsliklərdə xarici müəlliflərin əsərlərinin mənimsənildiyini, milli-mənəvi dəyərlərə zidd və zəif məzmunlu nümunələrə yer verildiyini bildirib. O, dərsliklərin hazırlanmasına və bu sahədə dövlət vəsaitinin xərclənməsinə daha ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb.

Bəs dərsliklərin hazırlanması prosesində əsas problemlər nədən qaynaqlanır? Dərsliklərə daxil edilən bədii nümunələrin şagirdlərin yaş xüsusiyyətlərinə, milli-mənəvi dəyərlərə və dünyagörüşünün formalaşmasına uyğunluğu necə qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, son dövrlər bəzi dərsliklərdə şagirdlərin yaş psixologiyasına uyğun olmayan, eyni zamanda etik normalara zidd informasiyalara rast gəlinir:

"Məsələn, VII sinif dərsliklərində spirtli içkilərlə bağlı müəyyən məlumatların yer aldığını görürük. Halbuki bu mövzular nə milli ədəbiyyatımıza, nə də türk mentalitetinə uyğundur. Həmin dərslikdəki bəzi məlumatların Özbəkistanda istifadə olunan dərslikdən götürüldüyü, tərcümə edilərək bizim dərsliyə daxil edildiyi ehtimal olunur. Görünən odur ki, bu kimi hallara təkcə VII sinifdə deyil, aşağı və yuxarı siniflərdə də rast gəlinir. Belə məqamlar ədəbiyyat, Azərbaycan dili və digər fənlər üzrə dərsliklərdə də özünü göstərir".

Müsahibimizin sözlərinə görə, dərsliklərin hazırlanması zamanı bir sıra məsələlər mütləq nəzərə alınmalıdır:

"Nazirlər Kabinetinin dərsliklərin hazırlanması ilə bağlı müvafiq qərarı var. Həmin qərardan irəli gələn tələblərə əsasən, dərsliklər elmi cəhətdən əsaslandırılmalı, mövzular yığcam təqdim edilməli və şagirdlərin yaş psixologiyası nəzərə alınmalıdır. Eyni zamanda, dərsliklərdə milli-mənəvi dəyərlər təşviq olunmalıdır. Çünki bütün bunlar şagirdlərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Hesab edirəm ki, dərsliklərlə bağlı ciddi islahatlara ehtiyac var. Hər bir fənn üzrə dərsliklərin hazırlanması üçün yeni redaksiya heyətləri formalaşdırılmalıdır. Müasir təhsil çağırışları və fənn kurikulumları nəzərə alınmaqla, cəmiyyətin gözləntilərinə uyğun yeni dərsliklər hazırlanaraq şagirdlərin istifadəsinə verilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən