225 saylı məktəbdə çəkiliş aparan jurnalistlərə qarşı zorakılıq OLUB - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirib.
Redaktor.az xəbər verir ki, Space TV-nin müxbiri Rəşad Vəkiloğlu hadisə zamanı çəkiliş qrupunun fiziki zorakılığa məruz qaldığını bildirib. Jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, məktəbdə baş verən intihar hadisəsini işıqlandırmaq üçün operativ şəkildə hadisə yerinə yollanıblar. Lakin peşə fəaliyyətlərini yerinə yetirərkən çəkiliş qrupu gözlənilmədən fiziki zorakılıqla üzləşib:
"Ümid edirəm ki, hüquq-mühafizə orqanları hadisəni obyektiv və hərtərəfli araşdıracaq, zorakılıqda iştirak edən şəxsləri müəyyən edərək onların qanun qarşısında cavab verməsini təmin edəcəklər. Qeyd edim ki, hadisə zamanı təkcə Space TV-nin deyil, digər telekanalın əməkdaşları da fiziki zorakılıqla üzləşiblər".
REAL TV-nin əməkdaşı Mahir Məmmədli də hadisə ilə bağlı açıqlama verib:
"Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub. Xəbər verildiyi kimi, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər. Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində operatorumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əməkdaşlarımız dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür".
Xədicə BAXIŞLI












