Xlor zəhərlənməsi uşaqlar üçün həyati təhlükə yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ

 17:55 08.07.2025     107

Xəbər verdiyimiz kimi, bu gün 2 yaşlı uşaq xlordan zəhərlənib.

Bəs xlordan zəhərlənmə halı niyə baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirdi ki, xlor adətən suyun təmizlənməsi və mikroblardan qorunması üçün istifadə olunur:

"Düzgün miqdarda tətbiq edildikdə problem yaratmasa da, həddindən artıq istifadə olunduqda sağlamlıq üçün təhlükəli ola bilər. Xlorla zəhərlənmə bir neçə yolla baş verə bilər. Məsələn, buxarını nəfəsə çəkmək, dəridə və ya gözlərdə təmas, yaxud da yanlışlıqla xlorlu su içmək ciddi fəsadlara səbəb ola bilər. Uşaqlarda bu, daha təhlükəlidir. Onların bədəni zərərli maddələri yetkin insanlara nisbətən daha çətin şəkildə qəbul edir. Ona görə də az miqdarda belə xlor onlarda güclü reaksiya doğura bilər. Əgər xlor orqanizmə düşərsə, bir sıra əlamətlər ortaya çıxa bilər: nəfəs çatışmazlığı, öskürək, başgicəllənmə, ürək bulanması, göz və boğazda yanma hissi, qusma, qarın ağrısı, ağızda qəribə dad və huşsuzluq halları müşahidə oluna bilər".

Ekspertin sözlərinə görə, bəzən içməli suya lazımdan artıq xlor əlavə olunur və bu da onu içənlər, xüsusilə uşaqlar üçün təhlükə yaradır:

"Eyni zamanda, təmizlik üçün istifadə edilən xlorlu maddələrin düzgün saxlanmaması və uşaqların ona toxunması da zəhərlənməyə səbəb ola bilər. Xlorlu suyu qaynatmaq təhlükəni azaltmır, əksinə buxar formasında daha zərərli ola bilər. Buna görə də içməli suyun keyfiyyəti nəzarətdə saxlanmalı, təmizləyici maddələr uşaqların əli çatmayan yerlərdə qorunmalıdır".

Nuriyyə NATİQQIZI