Günvurma zamanı nə etmək lazımdır? - Terapevtdən AÇIQLAMA

Havaların isti keçməsi ilə əlaqədar son üç gün ərzində (10.07.2025–13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.
Bəs günvurma zamanı nə edilməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verəm həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, isti, qızmar yay aylarında təcili tibbi yardım şöbələrinə istivurma və günvurma diaqnozları ilə müraciət edənlərin sayı adətən çox olur:
"Bu, daha çox insanların uzun müddət günəş şüaları ilə vertikal vəziyyətdə beyin qabığına təsir etdiyi üçün olur. Günvurmanın 3 dərəcəsi var. Birinci dərəcədə adətən hərarət çox olmur, ümumi halsızlıq, yorğunluq, başgicəllənmə simptomları olur. Bu zaman həmin insanı sərin yerə aparmaq və bol-bol sərin maye verməyimiz kifayət edir. İkinci dərəcə isə 38°, 38.5° temperaturda, ümumi halsızlığın daha da artdığı, huşun alaqaranlıqlaşması, ürək bulanmalar, hətta qusmalardan ibarətdir. Üçüncü dərəcə günvurma isə daha çox 39.5° qızdırmadan yuxarı hipertermik sindrom dediyimiz bir durumun yaranmasıdır. Bu hərarət 41°-ə qədər qalxa bilir".
Müsahibimizin sözlərinə görə, üçüncü dərəcə günvurma zamanı beyin qan dövranı pozulur.
"Orqanizmdə su-duz mübadiləsi pozulduğu üçün, bizə lazımlı elektrolitlərin bədəndən çıxması nəticəsində qıcolmalar, epileptik qıcolmalar, kamatoz vəziyyət, ümumi halsızlıq və s. kimi durumlar həyati təhlükə daşıyır və belə xəstələr dərhal reanimasiya şöbəsinə yerləşdirilir.
Bütün bunları nəzərə alaraq, insanlarımıza qızmar günəş altında gəzməyi tövsiyə etmirik. Xüsusilə dənizə səhər saatlarında 12-yə qədər, yaxud axşam saat 5-6-dan sonra getməyi məsləhət görürük. Birbaşa 20-30 dəqiqədən çox qızmar günəş altında qalmasınlar. Bu, həm dəri yanıqlarından, həm də günvurmadan qorumuş olacaq. Həmçinin bol-bol su içmək, meyvə yemək lazımdır",- deyə terapevt sonda vurğuladı.
Nuriyyə NATİQQIZI