Niyə Aprel döyüşündən sonra,Bakının hərbi əməliyyat istəyi zəiflədi? -N.Cəfərsoy çox mətləblərin üstünü açdı-MÜSAHİBƏ

 14:00 23.10.2019     9730

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun Redaktor.az-a regional və qlobal məsələlərlə bağlı müsahibəsinin II hissəsini (I hissə BURADA) təqdim edirik:

- Rusiyanın Cənubi Qafqazda vassalı sayılan Ermənistan, bu əməliyyatların keçirilməsindən narahat olduqlarını ifadə etdi. Hətta Ermənistan tərəfindən bu əməliyyatları pisləyən bəyanat da yayıldı. Vassalı qorxudan nə idi?

- Ermənistanın regional siyasətdəki təməl problemlərindən biri bölgədə Azərbaycan və Türkiyənin marağına uyğun olan proseslərin gerçəkləşməsidir. Ermənistan imkanı olanda bunu əngəlləyir. Mümkün olmadıqda isə sözlə bu proseslərdən narahatlıqlarını ifadə edirlər. Əvvəla “Sülh çeşməsi” əməliyyatının keçirilməsi Türkiyənin bölgədə nüfuzunu artıran bir amil olduğu üçün ermənilər bu cür reaksiya verdilər. Ikincisi, bu yanaşma Paşinyanın Tükiyə mövzusunda Qərbə yaxınlaşma cəhdidir. Üçüncüsü və məncə ən önəmlisi, bu əməliyyat beynəlxalq münasibətlərdə hərbi gücün istifadəsi ilə bağlı məsələni aktuallaşdırır. Yəni gələcəkdə Azərbaycanın da öz legitim torpaqlarını hərbi güc istifadə etməklə azad etməsi üçün faktiki presedent yaradır. Ermənilər narahatdır ki, Türkiyənin Suriyada etdiyini Azərbaycan Qarabağda edə bilər.

- Azərbaycanın da Türkiyə kimi antiterror əməliyyatları adı altında torpaqlarını azad etmə ehtimalı nə qədərdir? Və ya qlobal güclərin buna reaksiyası necə ola bilər?

- Burada iki mühüm amil var. Qlobal və regional güclərin (Türkiyə istisna) Türkiyəyə qarşı yanaşması kimi Azərbaycana qarşı da bənzər reaksiyaların ortaya çıxması təsadüfi olmaz. Təsadüfi deyil ki, beynəlxalq aktorlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinin dialoq yolu ilə olmasını istəyirlər. 28 ildir ki, ermənilər bizim legitim torpaqlarımızdan çıxmır, sülh danışıqları nəticə vermir. Bu təbii ki, hərb variantını aktuallaşdırır. Ancaq burada kritik bir məqam var. Bu, hərbi əməliyyat başlamazdan öncəki hazırlıq prosesidir. Regionda bu prosesə sadəcə bəyanatla deyil, real olaraq qarşı çıxacaq aktorların mövqeyinin necə olacağıdır. Burada ən önəmli faktor Rusiyanın bu məsələyə münasibətidir. Yəni, biz hərbi əməliyyat keçirsək, Rusiya kimin tərəfində yer alacaq? Ənənəvi görüş bu idi ki, bu cür hərbi əməliyyatlara başlasaq, Rusiya Ermənistanın yanında yer alacaq. Lakin aprel döyüşlərindən sonra bu stereotip müəyyən mənada dağıldı.Həmin dönəmdə Rusiya Ermənistanın yanında açıqca yer almaqdan daha çox vasitəçi kimi bu əməliyyatları dayandırmağa çalışdı. Doğrudur, yenə də Ermənistanın yanında yer almaq kimi görüntü çıxdı. Amma Rusiyanın ümumiyyətlə, Azərbaycanın hərbi əməliyyat keçirməsinə razı olmayacağı ilə bağlı yanaşma sındı. Əməliyyatlar öncəsi diplomatik, siyasi danışıqlar göstərdi ki, bunu müəyyən mənada etmək olur. Digər tərəfdən, Azərbaycan üçün fürsət yaranıb. Çünki Türkiyə-Rusiya münasibətləri artıq ciddi bir impuls içərisində davam edir. Rusiyanın bu məsələyə baxışında Türkiyə faktorunun da rolu əhəmiyyətli hala gələ bilər. Çünki Qarabağ problemi Türkiyə və Rusiyanı da qarşı-qarşıya qoya biləcək məsələdir. Bu konteksdə Rusiyanın əvvəlki illərlə müqayisədə daha ehtiyatlı qərar verəcəyi bir motiv qarşımıza çıxa bilər. Hərbi əməliyyatlar üçün Türkiyə-Rusiya münasibətlərində bu mühiti yaratmalıyıq. Hərbi əməliyyatların başlanması ilə bağlı məsələyə Rusiyanın öz içərisində də ənənəvi olaraq  qarşı olanlar var. Eyni zamanda, Rusiya ordusunda da, Xarici işlər nazirliyində də müxtəlif qüvvələr Rusiya-Azərbaycan münasibətlərində sabotaj və təxribatçı addımlar atırlar. Digər tərəfdən, Türkiyənin proseslərdə aktiv rol almasına çalışmalıyıq. Rusiya-Türkiyə münasibətlərində Qarabağ məsələsinin önəmli müzakirə mövzusuna çevrilməsi, Azərbaycanın maraqlarını qoruması, ərazi bütövlüyünü gerçəkləşdirməsi üçün rəsmi Ankara da fəal olmalıdır. Fikrimcə, Qarabağ məsələsi Rusiya-Türkiyə münasibətlərində əsas test nöqtələrindən biridir. Türkiyə-Rusiya münasibətləri qlobal ve regional mənada dərinləşmək istəyirsə, bu, Qarabağ məsələsinin həlində də özünü göstərməlidir.

- Niyə Türkiyə və Rusiya Suriya məsələsində əməkdaşlıq edir, ancaq Qarabağ məsələsində bunu görmürük?

- Rusiya-Türkiyə münaisbətlərinin son illərdəki çox cəhətli və getdikcə güclənən mənzərəsini nəzərə alsaq, Qarabağ məsələsində də həmin əməkdaşlığı görməliyik. Lakin rəsmi  Moskva postsovet coğrafiyasında, xüsusən də Qaqfazda  Türkiyənin daha da fəal olmasında maraqlı deyil. Ancaq buna baxmayaraq, Türkiyə bölgədə Gürcüstan və Azərbaycanla əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Amma Rusiyanın bölgə siyasətini müəyyənləşdirən qərar mexanizmləri içərisində hələ də Türkiyəni Qarabağ məsələsində bir az daha arxa planda tutmağa cəhdlər var. Bu həssasiyyət rəsmi Ankaranın da təmkinli hərəkət etməsinə səbəb olur. Amma bunun bəzi formatları artıq ortaya çıxmağa başlayıb. Türkiyə-Azərbaycan-Rusiya arasında üçlü format yaradılıb. Bu format qarşıdakı illərdə Qarabağ məsələsini də müzakirə obyektinə çevirə bilər. Digər tərəfdən, yaxşı olardı ki, Rusiya-Türkiyə-Ermənistan-Azərbaycan dördlü format yaradılsın. İnidiyə qədərki müzakirə formatlarının uğursuzluğunu nəzərə alsaq, belə bir formata ehtiyac var. Bölgədə sabitliyi təmin etmək və təhlükəsizliyi qorumaq üçün bu formatın yaradılması problemin həllində yeni fürsətlər yarada bilər.  

- Qarabağ məsələsində 30 illik mövcud olan baxışı dəyişə bilərikmi?

- Azərbaycan burada haqsızlığa məruz qalan tərəfdir.

- Amma buna baxmayaraq, işğal faktına lazımi qiymət verilmir. 25 ildir aparılan diplomatik danışıqlar nəticə vermir...

- Problemin nə olduğu ilə bağlı bütün beynəlxalq aktorların məlumatı var. Qarabağ çox nadir problemlərdəndir ki, həm bölgədə, həm də dünyada müxtəlif zidd mövqedə olan güclər işğala məruz qalanla, işğalçı arasındakı fərqi görmək istəmirlər. Məsələn, İranla ABŞ qlobal siyasətin hər sahəsində çox ciddi rəqib və düşmən olsalar da, bu iki ölkənin Qarabağa baxışı mahiyyətcə bir-birindən fərqlənmir. Eyni şəkildə ABŞ-la Rusiya Gürcüstandakı, Ukraynadakı etnik məsələdə tam zidd mövqedədirlər. Amma Qarabağ məsələsində ABŞ və Rusiyanın prosesə baxışında çox ciddi fərq yoxdu.  İkisi də hansı yolla olur-olsun problemi həll edin deyirlər. Amma ikisi də məsələnin hərb yolu ilə həlinə qarşıdırlar. Yəni, burada Azərbayanın yolu, məsələyə baxışı səhv deyil. Sadəcə bu problemin həlli üçün bizim və beynəlxalq güclərin üzərinə düşən işlər var. Bizim üzərimizə düşən əsas məsələ ondan ibarətdir ki, iqtisadi, siyasi, mədəni problemlərimizi həll edək. Ölkənin daha mütərəqqi sistem, güclü ordu ilə, doğru idarəetmə mexanizmləri ilə potensialını maksimilize edək. Bizim tezislərimizi müdafiə edənlər kifayət qədər peşəkar olmalı, müntəzəm və professional şəkildə davamlı işləməlidirlər. Müttəfiqlərimizin sayını mümkün qədər artırmalıyıq. Problemin milli maraqlara uygun formada sülh yolu ilə həlli ehtimalının az olduğunu düşünürəm. Qarabağ probleminin həllində sərt və yumuşaq gücün sintezindən ibarət “ağıllı güc” siyasəti aparmaq zəruridir.

     

- Hazırda Ermənistanda Paşinyan hökuməti ilə Qarabağ klanı arasında savaş gedir. Baş verən proseslər Azərbaycanın 90-cı illərini xatırladır. Həmin dövrdə ermənilər Azərbaycanın daxilində olan vəziyyətdən istifadə edib torpaqlarımızı ələ keçirdi. Bəs indi yaranan bu fürsətdən biz niyə öz ərazi bütövlüymüzü təmin etmək üçün istifadə etmirik?

- Ermənistanı Paşinyanın gəlişindən sonra gözləyən ciddi problemlər var. Bunlardan biri Qarabağ, digəri Türkiyə ilə münasibətlərin tənzimlənməsidir. Eyni zamanda, Paşinyan Rusiya ilə münasibətlərində yaranan problemləri həll etməlidir. Paşinyan üçün ən önəmli problem Ermənistanı düşdüyü sosial-iqtisadi vəziyyətdən çıxarmaqdır. Sosial-iqtisadi problemləri həll etmək üçün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydsına salmalıdır. Yalnız bundan sonra Ermənistanda bu problemlər öz həllini tapa bilər. Ancaq Qarabağ məsələsi Ermənistanın özündə də çox həssas məsələdir. Paşinyan ilk iqtidara gəldiyi vaxtlarda problemin həllində maraqlı olacağına inam daha böyük idi. Ancaq hadisələrin gedişi göstərdi ki, Paşinyanın bu məsələlərdəki rolu getdikcə populizimin qədərini artıran radikal yanaşma sərgiləməkdir.

- Azərbaycan tərəfi Paşinyan iqtidara gələndən sonra problemin həll olunacağına ümidli idi. Hətta 1 ilə yaxın müddətdə Paşinynın iqtidarını möhkəmlətməsini gözlədik. Sizcə, bu səhv addım idi?

- 2016-ci il Aprel hadisələrindən sonra Azərbaycanın Qarabağ siyasətində ciddi problemlər olduğunu düşünürəm. Biz 2016-cı ilə qədər problemin həllində hərb amilini tez-tez qabardırdıq. Hətta 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə etdikdən sonra belə Azərbaycan hərb variantından vaz keçməmişdi. Amma 2016-cı il Aprel hadisələrindən sonra çox anlaşılmazdır ki, Azərbaycan xarici siyasətində öz hərbi gücünü hətta ritorika olaraq belə istifadə etmək mənasında, görünməyəcək səviyyədə azaldıb. Məncə bu, çox yanlış yanaşmadır. Erməni tərəfinin özünü  diplomatik və psixloji mənada daha güclü hiss etməsinə səbəb budur. Üstəlik, Azərbaycan tərəfində də Aprel hadisələrindən sonrakı əldə edilən diplomatik və psixoloji üstünlüyün ciddi formada əriməsinə xidmət edir.  

- Yəni, düşünürsüz ki, 2016-cı il hadisələrindən sonra Azərbaycana bununla bağlı təzyiqlər olub? 

- Aprel hadisələrində Azərbaycana təzyiqlərin olması ictimaiyyətə də məlum olan məsələdir. Hərbi əməliyyatların dayandırılması müddətində rəsmi Moskvanın çox ciddi cəhdlərinin olduğunu bilirik. Ondan sonrakı proseslərdə, yuxarı səviyyədə hərb variantının mümkünlüyünün tez-tez təkrarlanmasını çox eşitməməyə başladıq. Hətta Paşinyan iqtidara gəlməzdən öncə də, biz bu variantı tez-tez gündəmə gətirmirik. Diplomatiyada hərbi gücümüzü istifadə edəcəyimizlə bağlı bəyanatların sayı, ağırlığı azaldı. Bu, yanlış addımdır. Əksinə, biz hərb variantından istifadənin mümkünlüyü ilə bağlı bəyanatların sayını artıraraq davam etməliydik. Azərbaycan Ermənistanın işgal edilmiş ərazilərimizdə quruculuq işləri aparmasına, itisadi və beynelxalq mədəni tədbirlər keçirməsinə hərbi vasitələrlə mane olmalıdır. Orda iqtisadi fəaliyyətlərlə məşqul olan bütün erməni və xarici şirkətlər bunu sadəcə,  özləri üçün diplomatik deyil, həm də bir təhlükəsizlik problemi kimi praktiki mənada görməlidir. O zaman işgal regionuna şirkətlərin və xarici vətəndaşların gəlmə istəyi ciddi formada azalacaq.      

- Yəni Azərbaycanın hərb variantından istifadə edəcəyini real görmürsünüz?

- Burada ziddiyyət təşkil edən maraqlar var. ABŞ-ın, Rusiyanın, İranın bölgədə başqa maraqları var. Bu maraqlar Qarabağ məsələsinin həllindəki uyğun beynəlxalq müstəvidə ciddi çətinliklər yaradır. Qlobal güclər üçün “necə həll olunur olsun” məntiqi daha keçərlidir. Bu məsələdə də Azərbaycanın maraqları onlar üçün çox önəmli deyil.

- Əslində məntiqlə, “necə həll olunur olsun” yanaşması Azərbaycana hərb variantı baxımından yaşıl işıq deyil ki?  

- Yox. Qlobal güclər işğalçı ilə işğala məruz qalana fərq qoymadan, bu problemin danışıqlar yolu ilə həll olunmasını, hər iki tərəfin də güzəştə getməsini istəyirlər. Düşünün, biri gəlib sizin evin bir otağını və o biri otağın da yarısını tutub, oturub. Deyirsən, evimdən çıx, çıxmır. Ətrafdakılar da deyir anlaşın. Axı, necə anlaşaq?! Burada hərbi güc faktoru istər-istəməz gündəmə gəlir. Sülh danışıqlarının problemi həll edəcəyini düşünmürəm. Bu problem həll olunacaqsa, hərbi-siyasi yolla həll olunacaq. Yəni siyasətin, diplomatiyanın dəstək verdiyi hərbi yolla biz bu münaqişəni həll edə bilərik. Bu da beynəlxalq münasibətlər ortamı ilə əlaqədar məsələdir. Bu coğrafiyada varlığımızı davam etdirmək istəyiriksə, bu çətin işi etməyi bacarmalıyıq. Ya bir yol tapmalıyıq, ya da bir yol yaratmalıyıq.

Qarabağ məsələsi milli məsələdir. Bu məsələnin həllinə cəmiyyətin bütün təbəqələrini səfərbər etmək lazımdır. Bu çərçivədə Milli Qarabağ Forumunun yaradılması və müzakirələrin aparılması vacibdir. Bu problem çərçivəsində Azərbaycandan kənarda qalan siyasi təbəqələr, kütlələr olmamalıdır. Çünki problem o qədər böyükdür ki, onu həll  etmək üçün millət kimi bütün gücümüzü səfərbər etməliyik. Bu, ciddi cəhd tələb edən prosesdir. Bu müddət ərzində sistemin mütərəqqiləşməsi, demokratik siyasi mədəniyyətin inkişaf etdirilməsi, ölkədə siyasi-iqtisadi vəziyyətin normallaşdırılması zəruri şərtdir. Fikrimcə, bu, problemin həllinə gedən yoldur. Biz problemin həllinə bununla bir addım daha yaxınlaşmış olacağıq.

- Regionda digər qonşumuz olan Gürcüstanla da bir müddət öncə problemlər yaşandı. Lakin Azərbaycan bu məsələdə təmkin nümayiş etdirdi. Georgi Qaxariyanın da ilk səfərini məhz Azərbaycana etməsini müşahidə etdik. Gürcüstanla problemli olan məsələlər dondurulacaqmı? Gürcüstanla Azərbaycanın münasibətləri qarşıdakı illərdə necə davam edəcək?

- Ümumiyyətlə, müqayisəli baxsaq, postsovet coğrafiyasında Azərbaycan-Gürcüstan münasibətləri ən müsbət çalarları olan ikili münasibətlərdən biridir. Buraya Türkiyəni də əlavə etsək, hər üç ölkənin bu regionda sülh və əməkdaşlıq, təhlükəsizliyin təmin edilməsi və bölgəyə rifahın gətirilməsində rolu çox böyükdür. Ancaq Azərbaycan-Gürcüstan münasibətlərinin də iki zəif nöqtəsi var. Bunlardan birincisi, son hadisələrdən də açıq göründü ki, sərhədlərin demarkasiyası məsələsidir. İkincisi isə, Borçalıdakı azərbaycanlılar məsələsidir. Bu iki məqam zaman-zaman bölgədəki aktorlar və Gürcüstan daxilindəki müxtəlif populist siyasət maraqları olan siyasətçilər və ictimai xadimlər tərəfindən istifadə edilir. Bu da Azərbaycan-Gürcüstan münasibətlərində gərginliyin yaradılması ilə nəticələnir. Bu əslində bölgədə təhlükəli tendensiyadır. Probelmin bu səviyyəyə gəlməsində Gürcüstanın müxtəlif rəsmilərinin proseslərdə yetərsiz, zaman-zaman hadisələri daha da gərginləşdirən açıqlamalarının da rolu oldu. Bütün bunlarla birlikdə, son dövrdə görürük ki, gərginlik artıran proseslər dondurulmağa başladı və müzakirələr qapalı qapılar arxasına keçdi. Ancaq Gürcüstanın daxili siyasətindəki müəyyən proseslərdən sonra, yeni baş nazirin ilk səfərini Azərbaycana etməsi münasibətlərdə yeni ümidlərin doğulmasına səbəb oldu. Yeni baş nazirin ilk səfərini məhz Azərbaycana etməsini xüsusi olaraq vurğulaması göstərir ki, yeni dönəmdə Gürcüstan Azərbaycana daha da çox önəm verəcək. Bu da iki ölkə arasındaki əməkdaşlığa kölgə salan Keşikçidağ məsələsində hər iki tərəfin marağına uyğun həlli ilə bağlı umidləri gücləndirir. Amma bu münasibətlərdə əksik olan tərəflər var. Gürcüstandakı azərbaycanlılar məsələsi fərqli aktorlar tərəfindən də qaşına biləcək məsələlərdən biridir. Dolayısı ilə orada Azərbaycan və Gürcüstan bu zəif nöqtənin riskə çevrilməməsi üçün ciddi əməkdaşlıq etməlidir. Borçalı Gürcüstan-Azərbaycan əməkdaşlığında ən müsbət meyvələrin verildiyi bir coğrafiya ola bilər. Bu münasibətləri dərinləşdirən faktora çevrilə bilər.

- Regionda baş verən proseslər Azərbaycanın daxili siyasətinə necə təsir edə bilər?

- Qlobal və regional münasibətlərdə baş verən hadisələr bizə təsirsiz ötüşə bilməz. Bu gün beynəlxalq münasibətlər çox dinamikdir. Həm dəyişimlə ayaqlaşmaq, həm çağrışlara cavab vermək, həm də var olan ciddi problemlərimizi həll etmək üçün ölkə içərisində də cəmiyyətimizin imkanlarını maksimum səfərbər etməyə ehtiyac var. Burada “özündən Amerika kəşf etməyə” ehtiyac yoxdur. Çünki bu gün ictimai və fərdi problemlərini həll etmək potensialını inkişaf etdirmək üçün ən aktual model demokratik idarəetmə mexanizmlərinin Azərbaycanda da tətbiq edilməyə başlanmasıdır. İqtisadi deyişlə də ifadə etsək, hazırda bazarda ən yaxşı siyasi mal Qərbin demokratik təsisatlar üzərində qurduğu mexanizmlərdir. Biz öz insanımıza bunu verməliyik. Milli məsələlərimizin həllində həm cəmiyyəti səfərbər etmək, həm də problemlərimizin həlli üçün ən yaxşı modeli tapmaq lazımdır. İnstitutlarımızın mütərəqqiləşdirilməsi çox vacib şərtdir. Demokratik model bu mənada müasir dünyanın sınanmış ən keçərli modelidir. Demokratik model həm də bizi davamlı inkişaf edən  mütərrəqi dünya ilə birləşdirmə imkanı verir.  Üçüncü olaraq, müasir dünyada demokratiya və insan hüqüqları həm da xarci dövlətlərin xarici siyasətdə öz maraqlarını maksimizə etmək üçün istifadə etdiyi ən mühüm vasitələrdən birinə çevrilib. Ölkə daxilində demokaratiya və insan hüquqları problemi artdıqca, fərqli xarici aktorların Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanda öz maraqlarını gerçəkləşdirmək üçün bu faktordan istifadə etmək ehtimalı artır. Dördüncüsü, demokratik inkişaf cəmiyyətdə işarələri getdikcə güclənən və bəzi dövlətlər tərəfindən də təşviq edilən dini radikalizmin cəmiyyətdə marjinalaşmasına imkan verir. Digər tərəfdən, regionda ciddi dəyişikliklər gedir. Bu proseslər istər-istəməz bizə də təsir edir. Ümumilkdə isə, demokratiya məsələsi velosiped sürməyə bənzəyir. Nə qədər tez başlasan, nə qədər çox sürsən o qədər peşəkarlaşarsan, yıxılaraq əzilmə və ya bir yerini qırma ehtimalın da o qədər az olur...

Üstəlik, demokratik inkişaf Qarabağ məsələsi baxımından da bizim üçün 4 baxımda faydalıdır. Əvvəla, demokratik inkişaf bizə Azərbaycan cəmiyyətinin bütün potansialını həqiqi mənada səfərbər etmə və milli marağımıza uyğun həll yolunu tapmaq imkanı verir. İkincisi, demokratik inkişaf Azərbaycana istəmədiyimiz həll modelini qəbul etdirmək istəyən xarici dövlətlərə qarşı həm iqtidarın manevr imkanını, həm də xalqın müqavimət gücünü artırma fürsəti verir. Üçüncüsü, demokratik inkişaf bizə dünyada imicimizi yaxşılaşdıraraq, Qarabağ məsələsində hərbi və iqtisadi üstünlüyümüzü siyasi və psixoloji motivlərlə daha da gücləndirmə imkanı verər. Xüsusilə Paşinyanın hakimiyyətə gəlişindən sonra bu məqam müzakirələrdə xüsusilə önəm qazanıb. Dördüncüsü, demokratik inkişaf Azərbaycanda rifah və təhlükəsizlik baxımında daha yuxarı standartları əldə etmə imkanı verəcək. Bu, Qarabağ erməniləri üçün də Azərbaycanın tərkibində qalmanın cazibəsini artıra bilər.                        

Firuzə Vahid / REDAKTOR.AZ

FOTO : Müzəffər İsmayılov