"Paşinyan KTMT missiyasından da məyus qalacaq"

 14:56 20.04.2023     274

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını qəbul etməyə hazır olduğunu açıqlayıb.

"Biz öz narahatçılığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Bizim istəyimiz missiyanın effektiv olmasıdır. Bu, Ermənistan üçün, KTMT üçün, region üçün vacibdir. Bu, bizim üçün çox vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk” -  deyə o, bildirib.

Paşinyanın bu açıqlamasını Redaktor.az-a şərh edən politoloq Elxan Şahinoğlu öncə qeyd etdi ki, baş nazir Avropa İttifaqının missiyasını Ermənistanda yerləşdirərkən “Bizim istəyimiz missiyanın effektiv olmasıdır” əlavəsini etməmişdi:

"Nikol Paşinyan KTMT missiyasını təmas xəttində yerləşdirməklə nəyə ümid edir? Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan hərbçilərinin təmas xəttində möhkəmlənməsinə və istehkamlar qurmasına mane olmadı və bu Nikol Paşinyanı məyus etdi. Paşinyan anladı ki, Avropa İttifaqı Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir".

Politoloq bildirdi ki, Rusiya KTMT missiyasının Ermənistanda yerləşməsində maraqlıdır.

"Bununla bağlı layihə də hazırlanıb. Ancaq Avropa İttifaqı missiyası kimi KTMT missiyasının da Azərbaycanın sərhədi möhkəmlədəcək çalışmalarına mane olacaq mexanizmləri yoxdur. Digər tərəfdən KTMT-ə üzv olan ölkələrin tamamı ilə Azərbaycanın sıx münasibətləri mövcuddur. Təmas xəttindəki missiyaya görə, KTMT-yə üzv olan ölkələr Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Paşinyan bir müddətdən sonra KTMT missiyasından da məyus qalacaq, bununla da onun heç bir alternativi qalmayacaq" - E.Şahinoğlu dedi.

Turan İSMAYIL