"Kasprşik deyilən ünsür Azərbaycana buraxılmamalıdır" - Deputat

 19:16 25.08.2023     673

Xəbər verdiyimiz kimiATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Laçın yolunun başlanğıc nöqtəsi olan Ermənistanın Sünik rayonunun Kornidzor kəndinə səfər edib.

Jurnalistlərlə söhbətində Kasprşik vurğulayıb ki, o, rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığı ilə Laçın yolunun başlanğıcına baş çəkib və buradan öz rəhbərinə hesabat hazırlayacaq.

Kasprşikin Ermənistana səfəri və oradan durbinlə Laçın yolunu izləməsinə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, belə bir adam ölkəmizə buraxılmamalıdır.

"Kasprşik deyilən ünsür uzun illər bu missiyaya rəhbərlik edib. Ortalıqda gəzib, öz xeyirlərinə, bizim ziyanımıza olan tapşırıq yerinə yetirir. Yəni onun bu illər ərzində bu məsələ ilə bağlı fəaliyyəti məlumdur. Onun fəaliyyəti bizim üçün zərərli fəaliyyətdir, ancaq ona tapşırıq verənlər üçün xeyirli fəaliyyətdir. Mən hesab edirəm ki, Azərbaycana buraxılmamalıdır, onu heç kim qəbul etməməlidir. Heç kim də qulaq asmamalıdır. Azərbaycan sərhədlərindən içəri buraxılmamalıdır. ATƏT in Minsk qrupu deyilən qrupla bu ünsür bir-birindən ayrılmaz ikildir. Yəni bunların yarıtmaz fəaliyyəti, Azərbaycanın zərərinə olan fəaliyyətləri də sübut olunub, göz qabağındadır. İndi yenə düşüb ortalığa, Minsk qrupu deyilən bir ölünü təzədən diriltmək istəyirlər. Bu yenə bir missiya boynuna götürüb, nə isə hərəkət etmək istəyir. Bu bizim həmişə əleyhimizə, ermənilərin xeyrinə işləyən casus kimi bir şeydir. Buna görə də mən hesab edirəm ki, onun Azərbaycana yaxın düşməsinə imkan verməməliyik".

Humay İSGƏNDƏRLİ