Redaktor.az yazdı, MSK deputatlarla bağlı səhvi düzəltdi - bülletenlərdə isə...
Ötən gün saytımızda Mərkəzi Seçki Komissiyasının (MSK) saytında sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində qeydə alınan deputatlığa namizədlər Aydın Mirzəzadə və Tamam Cəfərova ilə bağlı yanlış məlumatların yer aldığı barədə xəbər dərc etmişdik.
Belə ki, Belə ki, 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadənin parlamentdə tutduğu vəzifə yanlış olaraq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini kimi, 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın isə iş yeri səhvən Azərbaycan Dövlət Universiteti kimi göstərilmişdi.
Redaktor.az-ın məlumatına görə, artıq MSK-nın saytında qeyd olunan səhvlər düzəldilib.
Lakin qeyd edək ki, MSK-nın saytında həmin şəxslər barədə yanlışlıq aradan qaldırılsa da, Dairə Seçki Komissiyalarına (DSK) göndərilən səsvermə bülletenlərində A.Mirzəzadə və T.Cəfərova ilə bağlı səhvlər qalmaqdadır. Çünki bülletenlər bir neçə gün öncədən çap olunub və müvafiq DSK-lara göndərilib.
Mingəçevirdən olan seçicilərdən birinin redaksiyamıza göndərdiyi məlumatda da deyilir ki, 54 saylı Mingəçevir seçki dairəsi ərazisindəki məntəqə seçki komissiyalarının qarşısına vurulan bülletenlərdə Aydın Mirzəzadənin vəzifəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini kimi qeyd olunub.
Qeyd edək ki, sözügedən komitəsinin sədr müavini hazırda 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğludur.
Göründüyü kimi, yerli DSK-ların kobud səhvi və MSK-nın diqqətsizliyi nəticəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini kimi iki şəxsin adı seçki bülletenlərinə daxil edilib. Həmçinin daha bir deputatın iş yeri Azərbaycanda mövcud olmayan bir ali məktəb adı olaraq göstərilib.
Turan İSMAYIL