Cənubi Qafqaz uğrunda mübarizə başlayıb - Nə baş verir?

 18:30 29.08.2024     289

Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qərbin Qafqaz regionunda təsir gücünü artırmaq cəhdləri ilə bağlı narahatlığını dilə gətirib. Təbii ki buna başlıca səbəb olan amildən biri Qərb dövlətlərinin Ermənistana silah daşımasıdır. Bəs KTMT bunun qarşısını necə alacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, Cənubi Qafqaz uğrunda mühüm geosiyasi mərkəzlər mübarizəyə qalxıb.

"Bu mübarizə əvvəlki dövrlərdə də hiss olunurdu. Lakin daha çox özünü diplomatik sahədə göstərirdi. Vətən müharibəsindən, eləcə də lokal xarakterli antiterror tədbirlərindən sonra Cənubi Qafqaz uğrunda mübarizə yeni fazaya daxil olub. Xüsusilə hərbi siyasi bloklar, alyanslar da bəyanat yayırsa, burada şübhəsiz ki, təhlükəsizlik sistemi üçün təhdidlər formalaşır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Qərbin Qafqazda təsir gücünü artırılması cəhdlərindən narahat olduğunu ifadə edir. Digər tərəfdən, NATO da buna oxşar İran və Rusiyanın Cənubi Qafqaz uğrunda dominant mövqeyə qalxmasını tənqid edib. Lakin nəzərə almaq lazımdır ki, NATO blokuna daxil olan dövlətlər regiondan kənarda yerləşir. İran və Rusiya birbaşa olaraq regionla həmsərhəddir. Digər mühüm məsələ də bundan ibarətdir ki, qardaş Türkiyə də elə NATO-nun üzvüdür".

Siyasi şərhçinin sözlərinə görə, regionda təhdid artarsa, iki tərəf arasında münaqişə yarana bilər.

"Cənubi Qafqaz regionunda hər zaman ayrı-ayrı hərbi siyasi blokların və alyansların mübarizə aparması və mübarizəyə doğru cəhdləri müşahidə olunub. Lakin Azərbaycan bu gərginlikdən hər zaman regionu xilas etməyə nail olub, bu region uğrunda ayrı-ayrı geopolitik mərkəzlərin qarşıdurmasına imkan verməyib. Bundan sonra da Azərbaycan öz doğru siyasəti ilə müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyi ilə bu cür təhdidlərin qarşısı alınacaqdır. Lakin şübhəsiz ki, artıq dövlətlər qrupunun, bir təşkilatın, ayrı güc mərkəzinin regionda olmasından, narahatedici fikirləri diqqətlə nəzərə alınmalıdır", - deyə İlyas Hüseynov əlavə etdi.

Türkan İSGƏNDƏRLİ