"COP29 ərəfəsində sülh sazişi imzalana bilər" - AÇIQLAMA

 15:43 11.09.2024     286

Ermənistanın Baş naziri Nikol Paşinyan indiyədək razılaşdırılmış şərtlərlə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə Paşinyana cavab olaraq bildirilib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, sülh müqaviləsi olduğu kimi qalarsa, imzalana bilər.

"Nikol Paşinyan sülh sazişində nəzərdə tutulan 16 bəndin 13-nü razılaşdırdıqlarını deyir və təklif edir ki, yerdə qalan üç maddə hələlik saxlanılsın və 13 razılaşdırılmış bənd sülh sazişi kimi imzalansın. Azərbaycan bu təklifi qəbul eləmir. Çünki elə məsələlər var ki, onlar mütləq sülh sazişində olmalıdır. Nəyin bahasına olursa-olsun yarımçıq sənədlər imzalamaq Azərbaycan üçün məqbul deyil. Əgər sülh sazişi imzalanırsa, ortaq prinsipial məsələlər öz əksini tapmalıdır. O üç bənddə nə nəzərdə tutulub? Razılaşdırılmayan nədir? Bu barədə elə bir məlumat verilmir. Ancaq bir şey aydındır ki, həmin o üç bəndin də müəyyən hissələri razılaşdırılıb. Yəni bütövlükdə onları razılaşdırmaq da mümkündür və yəqin ki, Ermənistan istəsə, həmin 16 bəndlik sülh sazişini imzalamaq mümkün olacaq".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Siyasi şərhçi qeyd etdi ki, COP29 ərəfəsində sülh sazişini imzalamaq mümkün ola bilər.

"Ancaq çox təəssüf ki, hələlik yalnız özünü sülhsevər kimi göstərməyə cəhd göstərir. Ermənistan bütün dünyada belə bir rəy yaratmağa çalışır ki, Ermənistan sülh istəyir və Azərbaycan nədənsə onun bu sülhpərvər cəhdlərini qiymətləndirmir. Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycan sülh sazişi imzalamaq istəyir, prinsipial problemlərin, prinsipial məqamların öz əksini tapdığı və sülhə xidmət edəcək bir saziş imzalamaq istəyir. Sülh sazişi adında heç bir ciddi məsələni özündə ehtiva etməyən hansısa sənədə qol çəkmək istəmir. Azərbaycan real sülhə nail olmaq istəyir, sülh görüntüsü yaratmaq istəmir və bizim Ermənistanla mövqelərimiz arasında əsas fərq də bundan ibarətdir. Ancaq güman edirəm ki, yaxın vaxtlarda əgər Ermənistana yol göstərən Amerika Birləşmiş Ştatları və Fransa onu istiqamətləndirsələr, ilin sonuna kimi, hətta ola bilər ki, COP29 ərəfəsində, yaxud hətta onun gedişində sülh sazişini imzalamaq mümkün ola bilər", - deyə A.Səmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ